Türkiyədə ilk dəfə qadına admiral rütbəsi verilib
Gökçen Fırat ALi Hərbi Şurasının iclasında admiral rütbəsinə yüksəldilib
Türkiyədə ilk dəfə olaraq qadın admiral təyin olunub.
Müvafiq qərar ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi ALi Hərbi Şuranın (YAŞ) iclası zamanı qəbul edilib.
Qərara əsasən, Hərbi Dəniz Qüvvələri Komandanlığında qərargah polkovniki Gökçen Fırat admiral rütbəsinə yüksəldilib.
Gökçen Fırat 22 iyun 1977-ci ildə İstanbulda anadan olub.
1998-ci ildə Hərbi Dəniz Akademiyasını bitirib. Dəniz Akademiyası tələbələrinin dəniz vəzifələrinə hazırlaşdıqları təlim gəmilərindən biri olan TCG Təlim Boat-2-yə komandanlıq edərək Türkiyənin ilk qadın gəmi komandiri olub. TCG Yavuz freqatında sualtı silah zabiti və sualtı qayıqlara qarşı döyüş zabiti kimi xidmət edib.
Baş Qərargahda və Milli Müdafiə Nazirliyində çalışıb. Norveçdəki SACT Birgə Hərb Mərkəzində və İngiltərədəki MC Northwood Dəniz Komandanlığında xidmət edib. 2019-cu ildə Hərbi Dəniz İnstitutunda qərargah zabit hazırlığını başa vurub və hərbi dəniz qərargahı polkovniki rütbəsinə yüksəlib.