Türkiyənin baş prokuroru Bəkir Şahin Qarabağdadır
Səfər çərçivəsində nümayəndə heyəti Şuşa və Füzuli rayonunda olub
Türkiyənin baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi Azərbaycanda nümayəndə heyəti Şuşaya səfər edib.
Səfər iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə sayəsində Şuşaya səfər etmək imkanı əldə etdiklərini, bu tarixi torpaqda olmaqdan sevinc və qürur duyduqlarını bildirmişlər.
Nümayəndə heyəti Cıdır Düzünə, Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidlərinə, Şuşa qalasına, Gəncə qapısına və bir sıra tarix və mədəniyyət abidələrinə baş çəkib. Onlar vandalizmin ağır nəticələrini təəssüflə qeyd ediblər, Azərbaycanın mədəniyyət paytaxtında aparılan bərpa işləri ilə tanış olublar.
Səfər çərçivəsində nümayəndə heyəti Füzuli rayonunda da olub, burada aparılan bərpa işləri, irimiqyaslı və məqsədyönlü layihələr, o cümlədən yeni yaşayış kompleksləri və digər sosial obyektlərlə tanış olub, onlarda böyük təəssürat yaradıb.
Qonaqlar Vətən Müharibəsində Türkiyənin ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin davamı olaraq qardaş ölkənin quruculuq işlərində fəal iştirakının vacibliyini vurğulayıblar.
Türkiyənin Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri davam edir.