Üç güləşçimiz Avropa çempionatının finalında
Medal qarşılaşmaları bu gün Bakı vaxtı ilə 20:00-da başlayacaq
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
Beşinci yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə mübarizəyə start verilib.
Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan qoşulub və bolqarıstanlı Stefan Qriqorova elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 9:0. Əzizli yarımfinalda rumıniyalı Denis Mihayı da vaxtından əvvəl məğlub edərək 3-cü dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb. Millimizin kapitanı finalda türkiyəli Adem Burak Uzunla qarşılaşacaq.
Taleh Məmmədov (63 kq) da mübarizəyə 1/4 finaldan start verib və italiyalı Yakopo Sandronu 4:1 hesabıyla məyus edib. Məmmədov yarımfinalda ermənistanlı Qraçya Poqosyana növbəti dəfə qalib (5:1) gələrək ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Taleh həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə üz-üzə gələcək.
Sənan Süleymanov (77 kq) 1/8 finalda macarıstanlı Joltan Levaya müqavimət göstərə bilməyib - 0:8.
İslam Abbasov (87 kq) təsnifat mərhələsində fransalı Turpal Maqamadov tam üstünlüklə qalib gəlib - 9:0. Avropa çempionatının gümüş medalçısı 1/8 finalda ispaniyalı Daniel Erreronu da eyni hesabla üstələyib. Ancaq 1/4 finalda türkiyəli Ali Cengizə sonuncu xal (1:1) prinsipinə əsasən uduzub. Rəqib finala yüksəldiyi üçün Abbasov bürünc medal uğrunda gürcüstanlı Laşa Qobadzeylə mübarizə aparacaq.
Sabah Şəriəti (130 kq) 1/8 finalda macarıstanlı Dariuş Viteklə gərgin keçən mübarizədə sevinən tərəf olub - 5:4. Təmsilçimiz 1/4 finalda rumıniyalı Avropa çempionu və dünya üçüncüsü Alin Kiurariu üzərində inamlı qələbə qazanıb - 9:3. Şəriəti yarımfinalda gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə (1:1) əsasən qalib gələrək ilk dəfə Avropa çempionatına finalına adlayıb. Həlledici görüşdə milli üzvü 3 qat olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Rıza Kayaalpla (Türkiyə) güləşəcək.
Qeyd edək ki, medal qarşılaşmaları bu gün Bakı vaxtı ilə 20:00-da başlayacaq.