Ukrayna Ali Radasının eks-spikeri qətlə yetirilib
Parubiy Lvov şəhərində odlu silahla vurulub YENİLƏNİB

14:14
Ukrayna Ali Radasının sabiq spikeri, avromaydanın liderlərindən biri Andrey Parubiyin Lvovda qətlinin bəzi təfərrüatları məlum olub.
Ukrayna mətbuatı xəbər verir ki, ona səkkiz dəfə atəş açılıb.
Hadisəni törədən şəxs silahı çantasına qoyaraq elektrikli velosipedlə ərazidən uzaqlaşıb.
Məlumata əsasən, atəş açan şəxs “Glovo” kuryeri olub. Onun qara-sarı dəbilqə geyindiyi, üzərində sarı rəngli qutu olduğu və elektrik velosipedində hərəkət etdiyi bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski də Andrey Parubiyin qətlə yetirildiyini təsdiqləyib.
***
14:00
Ukraynada Avromaydan hərəkatının liderlərindən biri, Ali Radanın sabiq spikeri (2016-2019-cu illər) Andrey Parubiy qətlə yetirilib.
Ukrayna mətbuatı xəbər verir ki, Parubiy Lvov şəhərinidə odlu silahla vurulub. 54 yaşlı sabiq deputat və “Maidan” komendantı hadisə yerində dünyasını dəyişib.
Polis atəş açan şəxsi axtarır və onun şəxsiyyətini müəyyənləşdirməyə çalışır.
Parubiyə qarşı bundan əvvəl də sui-qəsd törədilib – 2014-cü ildə maydanın özünümüdafiə üzvləri ilə görüş zamanı ona qumbara atılmışdı.
Qeyd edək ki, Andrey Parubiy 2013-cü ilin noyabrından 2014-cü ilin fevralınadək “Maidan”ın özünümüdafiəsinə rəhbərlik edib. O, həmçinin 2004-cü il “Narıncı inqilab”da iştirak edib, Kiyevdə keçirilən etiraz aksiyaları zamanı Ukrayna evinə rəhbərlik edib və “inqilabın görkəmli iştirakçısı” kimi mükafatlandırılıb.