Ukraynalılar Rusiya tərəfində vuruşan 2 Çin əsgərini tutub
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski VİDEO yayıb / YENİLƏNİB

18:30
Çinin müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
Nazir qeyd edib ki, Ukrayna Çin hərbi qulluqçularının Ukraynaya qarşı müharibədə iştirakını pisləmək və izahat tələb etmək üçün müvəqqəti işlər vəkilini çağırıb: “Biz Rusiyanın Çin vətəndaşlarının Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsində iştirakını, habelə onların Ukrayna qüvvələrinə qarşı döyüşlərdə iştirakını qətiyyətlə pisləyirik. Biz bu faktı pisləmək və izahat tələb etmək üçün Çinin Ukraynadakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırmışıq”.
Nazirin sözlərinə görə, “Ukraynada Rusiyanın işğalçı ordusunun tərkibində döyüşən Çin vətəndaşları Çinin elan etdiyi sülh mövqeyini şübhə altına alır və Pekinin BMT Təhlükəsizlik Şurasının məsul daimi üzvü kimi etibarını sarsıdır”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib.
17:30
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib.
Ukrayna lideri özünün “Telegram” kanalında əsir götürülmüş Çin vətəndaşının görüntülərini yayıb.
VİDEO
Ukrayna Prezidentinin sözlərinə görə, Çin vətəndaşları Donetsk vilayətinin ərazisində əsir götürülüblər. Onlardan sənədləri və bank kartları götürülüb.
Əsir götürülmüş Çin vətəndaşları Ukrayna Təhlükəsizlik Xidmətindədirlər.
Zelenski qeyd edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrində Çin vətəndaşlarının sayının “ikidən xeyli çox” olduğu barədə məlumat var.
“Mən Ukraynanın xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlamağı və Çinin buna necə reaksiya verəcəyini öyrənməyi tapşırmışam”, - Zelenski əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna hərbçilərı Rusiya tərəfində vuruşan Şimalı Koreyə əsgərlərini əsir götürmüşdülər.