"Vaqner" Voronejdə daha bir helikopteri vurdu
Bu barədə ruslara məxsus yerli teleqram kanalları məlumat yayıb
Voronej vilayəti istiqamətində "Vaqner" muzdluları və Rusiya ordusu arasında toqquşmalar baş verdiyi bildirilir. Bu barədə ruslara məxsus yerli teleqram kanalları məlumat yayıb.
Toqquşmalarda Rusiya ordusuna məxsus helikopterin vurulduğu qeyd olunur. Vurulan helikopterin fotosu yayımlanıb. Hadisə ilə əlaqədar Rusiya tərəfindən rəsmi açıqlama verilməyib.
Vilayətin qubernatoru Aleksandr Qusev toqquşmaların getdiyini təsdiq edib. Onun sözlərinə görə, ərazidə ordu ilə “Vaqner” muzdlu hərbi təşkilatının silahlıları arasında döyüş gedir.
Bundan əvvəl "Vaqner" rəhbəri Yevgeni Priqojin Cənub Hərbi Dairəsinin qərargahında keçirilən görüşdə bildirib ki, onun döyüşçüləri üç helikopteri vurub: "Üstümüzə yeni helikopterlər yollasanız, onları da vurub məhv edəcəyik".
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.