XƏBƏRLƏR / Münaqişə

ABŞ-İran münaqişəsi dərinləşir

SEPAH əsasən Bəhreyni, ABŞ qüvvələri İran şəhərlərini hədəf alıb

ABŞ-İran münaqişəsi dərinləşir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • SEPAH Amerika döyüş təyyarələrinin İran sahil ərazilərini bombalamasından sonra Bəhreyndəki Cuffair dəniz bazasında ABŞ silah anbarlarına, peyk rabitə mərkəzinə və əsgərlərin yerləşmə binasına zərbələr endirdiyini bildirib.

    SEPAH zərbələrin ABŞ-ın İranın cənubundakı sahil stansiyalarına və hərbi mərkəzlərinə hava hücumuna cavab olaraq başladılan "Nəsr 2" əməliyyatının ikinci dalğasının birinci mərhələsi olduğunu bildirib. İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, ABŞ-ın bu hücumu əvvəlki gecə Hörmüz boğazında Amerikanın uğursuzluğundan sonra baş verib.

    ABŞ-ın Beşinci Donanmasının yerləşdiyi Cuffair bazasındakı hədəfləri vurmaq üçün raketlər və dronlardan istifadə edilib. SEPAH əməliyyatın davam etdiyini bildirib.

    Bu mübadilə regionda bir sıra hücumların sonuncusudur. İran son günlərdə Bəhreyn, İordaniya, Küveyt, Oman və Qətərdəki ABŞ bazalarını hədəfə alıb, ABŞ qüvvələri isə dəfələrlə İranın sahil mövqelərinə zərbələr endirib.

    ***

    ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb.

    Bu barədə qurumun "X" hesabında məlumat yayılıb.

    Məlumata görə, beş saatlıq müddət ərzində CENTCOM İranın kommersiya gəmiçiliyinə zərbə endirmək imkanlarını daha da azaltmaq üçün Buşehr, Çabahar, Cask, Konarak, Əbu-Musa adası və Bəndər-Abbasa zərbələr endirib.

    Əməliyyat zamanı CENTCOM İranın sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatlarına və dəniz infrastrukturuna qarşı dəqiq idarə olunan sursatlardan istifadə edib.

    Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. CENTCOM bildirib ki, Amerika qüvvələri yüksək döyüş hazırlığı səviyyəsini qoruyur və təyin olunmuş tapşırıqları yerinə yetirməyə hazırdır.