BLOQ

Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi barədə...

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlili

Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi barədə...
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Cümə günü ABŞ prezidentinin Azərbaycan dövlət başçısı və Ermənistan Baş naziri ilə görüşlərinin keçiriləcəyi artıq təsdiqlənib.
     
    Hazırda Vaşinqtonda cümə günü nə baş verəcəyi barədə çox danışılır. Gəlin Azərbaycanın gündəminə diqqət yetirək. Bu gündəm Prezident İlham Əliyev tərəfindən Qlobal Media Forumunda bir daha bəyan edilib:
     
    - Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtləri qüvvədə qalır: ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında dəyişikliklər. Aydındır ki, Konstitusiya dəyişikliyi sonrakı məsələsidir, amma Minsk Qrupunun ləğvi barədə qərar indi də qəbul edilə bilər. Artıq vaxt yetişib...
     
    - Azərbaycanın Ermənistana qarşı heç bir təcavüzkar planı olmayıb. Bakı İrəvandakı hazırkı qanuni rəhbərliklə danışıqlar aparır. Odur ki, sülh gündəminin bir daha bəyan edilməsi heç də fövqəladə hadisə deyil, əksinə, Azərbaycan tərəfindən 2022-ci ilin yazında sülh müqaviləsinin əsas prinsipləri təqdim edildiyi vaxtdan başlayan bir prosesin davamıdır.
     
    - Azərbaycan və Ermənistan arasında bütün razılaşmalar ikitərəfli formatda qəbul edilir. Bu formatı Azərbaycan təklif edib və istər Ermənistanın, istərsə də onun himayədarlarının müqavimətinə baxmayaraq buna nail olub.
     
    - Kommunikasiyaların açılması mövzusunda Azərbaycanın gözləntiləri dəyişməyib: Zəngəzur dəhlizində xüsusi rejim (maneəsizlik və təhlükəsizliyə beynəlxalq nəzarət).
     
    Bu, Azərbaycanın mövqeyidir və yalnız görüşdən sonra sülh gündəminin ayrı-ayrı istiqamətləri üzrə hansı irəliləyişin olduğunu öyrənmək mümkün olacaq.
     
    Bununla yanaşı, cümə günü baş tutacaq görüş Azərbaycan və ABŞ prezidentlərinin ilk birbaşa görüşü olacaq. Bu, ikitərəfli gündəmin müəyyən edilməsi üçün yaxşı imkandır. Trampla görüşlər həmişə sürprizdir - xoş və ya xoşagəlməz, nəticədən sonra bilinəcək. Ən azı, Prezident Tramp öz sosial şəbəkə səhifəsində Azərbaycan Prezidentinin fikirlərini paylaşıb.
     
    Bir sözlə, görüşün nəticələrini yalnız o baş tutduqdan sonra qiymətləndirmək mümkün olacaq.
     
    Lakin istənilən halda görüş faktının özü də müsbət haldır. Ən azından, hazırda sülh prosesi ikitərəfli formatda gedir və müəyyən nəticələr gözlənilir.