“Venesiya” şadlıq sarayında kütləvi zəhərlənmənin səbəbi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəbər verir

“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub.
AQTA xəbər verir ki, “Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib.
Məlumat daxil olduqdan dərhal sonra Agentliyin müfəttişləri hadisə yerində olub.
Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib.
Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, “Venesiya” şadlıq sarayının qidaların hazırlandığı üçüncü mərtəbədə yerləşən mətbəx sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
Qeydə alınmış nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Faktla bağlı toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.