XƏBƏRLƏR / Fəlakət

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 1400-ü ötüb

YENİLƏNİB

Venesuelada baş verən zəlzələdə ölənlərin sayı 1400-ü ötüb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 22:33

    Venesuelada zəlzələ qurbanlarının sayı sürətlə artır, afterşoklar isə xilasetmə əməliyyatını çətinləşdirir.

    Bu barədə "CNN News" Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqesin bəyanatına istinadən məlumat yayıb.

    "Bu həftə Venesuelada baş vermiş iki dağıdıcı zəlzələ nəticəsində azı 1 430 nəfər ölüb, daha 3 238 nəfər isə yaralanıb. Xilasedicilər sağ qalanları tapmağa tələsirlər. Ağır texnikanın çatışmazlığı və davamlı afterşoklar işi çətinləşdirir", - o qeyd edib.

    Bundan əlavə, zərər çəkmiş 3 142 ailə evlərini itirib və hazırda xüsusi sığınacaqlara yerləşdirilib.

    Telekanalın məlumatına görə, Venesuelanın səhiyyə sisteminin onilliklər boyu baxımsız qalmasından sonra xəstəxanalar zərərçəkənlərin müalicəsinin öhdəsindən çətinliklə gəlir.

    Həmçinin qeyd olunub ki, ABŞ zəlzələnin nəticələrinin aradan qaldırılması üçün faciə yerinə axtarış-xilasetmə qruplarını göndərib.

    "Bu gün 80 nəfərlik iki axtarış-xilasetmə qrupu Venesuelaya yola düşüb. Bu təcrübəli xilasedicilər Dövlət Departamentinin rəhbərliyi altında ABŞ hökumətinin zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə səylərinə qoşulacaqlar", - məlumatda bildirilib.

    Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib.

    ***

    26 iyun 2026-cı il

    22:56

    Venesuelada aprelin 24-də baş vermiş zəlzələlər nəticəsində azı 920 nəfər ölüb.

    Bu barədə Milli Assambleyanın prezidenti Xorxe Rodriges bildirib.

    Onun sözlərinə görə, ən azı 3360 nəfər yaralanıb və ən azı 172 nəfər uçmuş binaların dağıntıları altında qalıb.

    O əlavə edib ki, yeraltı təkanlar 383 binaya, 13 xəstəxanaya, 25 ticarət mərkəzinə və 1002 digər tikiliyə təsir edib.

    ***

    17:07

    Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 589 nəfərə çatıb, yaralı sayı 2980 nəfərdir.

    Bu barədə "Reuters" xəbər verir.

    Latın Amerikasının müasir tarixində iki ən böyük zəlzələ olan 7,2 və 7,5 bal gücündə zəlzələlər çərşənbə axşamı Venesuela sakinlərinin rəsmi tətil keçirdiyi bir vaxtda Karakasdan təxminən 160 km (100 mil) qərbdə baş verib.

    ABŞ Geoloji Xidməti 10.000-dən çox insanın öldüyünü proqnozlaşdırıb.

    Ölkənin müvəqqəti prezidenti Delsi Rodrigesin hökuməti böyük miqdarda yardım göndərəcəyinə söz verib.

    ***

    10:32

    Venesuelada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb.

    “Sky News“ xəbər verir ki, bu barədə Venesuelanın səhiyyə naziri Karlos Alvarado bildirib.

    50 mindən çox insanın itkin düşdüyü qeyd olunub.

    ABŞ Dəniz Piyadaları Korpusunun general-mayoru Kevin C. Cerrad ABŞ ordusunun zəlzələdən zərərçəkənlərə yardım əməliyyatlarına dəstəyini idarə və koordinasiya etmək məqsədilə Venesuelanın paytaxtı Karakasa gedib.

    Salvadordan 200-ə qədər xilasedici də axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Venesuelaya yola düşüb.

    ***

    25 iyun 2026-cı il

    14:41

    Venesuelanın şimalında zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971-ə çatıb.

    "Reuters" xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodriges bildirib.

    Xatırladaq ki, iyunun 24-də axşam saatlarında Karakasdan şimal-qərbdə güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidməti 7,2 və 7,5 bal gücündə iki silsilə təkan qeydə alıb. Zəlzələlər ölkənin bir sıra bölgələrində ciddi dağıntılara səbəb olub.

    ***

    07:01

    Venesuela prezidentinin səlahiyətini icra edən Delsi Rodrigez güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan etdiyini açıqladı.
    ***

    04:13
    Venesuelada zəlzələ baş verib.

    Zəlzələnin gücü 7,1 bal olaraq qiymətləndirilir və ABŞ Meteorologiya Xidməti sunami xəbərdarlığı verib.

    Xidmət daha sonra 7,5 və 7,2 bal gücündə iki ardıcıl afterşokun baş verdiyini dəqiqləşdirib.

    ABŞ Geoloji Xidmətinin məlumatına görə, Venesuelada baş verən zəlzələ çoxsaylı insan tələfatına və genişmiqyaslı dağıntılara səbəb ola bilər.

    Zəlzələnin iqtisadi ziyanı ölkənin ÜDM-nin 2%-dən 20%-ə qədərini təşkil edə bilər.

    Ciddi dağıntılar təkcə Venesuelanın paytaxtı Karakasda deyil, həm də ölkənin şimalında yerləşən La Quayra şəhərində qeydə alınıb.