Venesuelada təhlükəsizlik qüvvələri bazar günü seçki nəticələrinə etiraz edən insanlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Bu barədə BBC məlumat yayıb.
Bazar ertəsi axşam minlərlə insan Karakasın mərkəzinə toplaşıb, bəziləri şəhəri əhatə edən dağlardakı gecəqondulardan prezident sarayına tərəf gediblər.
Venesuelanın paytaxtında prezident Nikolas Maduronun qalib gəldiyi iddiasından bir gün sonra etirazlar başlayıb.
Müxalifət Maduronun qalibiyyət elanını saxtakarlıq kimi qiymətləndirərək onun namizədi Edmundo Qonzalesin 73,2% səslə inandırıcı şəkildə qalib gəldiyini bildirib.
Venesuelanın təhlükəsizlik qüvvələri Maduronun yenidən prezident seçilməsini saxtakarlıq olaraq pisləmək üçün küçələrə çıxan çoxlu etirazçılarla toqquşub.
Bir sıra Qərb və Latın Amerikası ölkələri, həmçinin BMT başda olmaqla beynəlxalq qurumlar Venesuela hakimiyyətini ayrı-ayrı seçki məntəqələrinin səsvermə qeydlərini açıqlamağa çağırıb.
Argentina prezident Maduronun seçkilərdə qələbəsini tanımaqdan imtina edən ölkələrdən biridir və buna cavab olaraq Venesuela Buenos Ayresdən diplomatlarını geri çağırıb.
Digər altı Latın Amerikası ölkəsindən - Çili, Kosta-Rika, Panama, Peru, Dominikan Respublikası və Uruqvay diplomatları da xarici işlər naziri Yvan Gilin sosial mediada "müdaxiləçi hərəkətlər və bəyanatlar" kimi təsvir etdiklərinə görə geri çağırılıb.
Venesuela hökuməti həmçinin çərşənbə günü yerli vaxtla saat 20:00-dan etibarən Panama və Dominikan Respublikası ilə Venesuelaya kommersiya hava uçuşlarının müvəqqəti dayandırıldığını açıqlayıb.
Bəzi ərazilərdə prezident Maduronun plakatları sökülərək yandırılıb.
Silahlı polislər və hərbçilər etirazçılarla toqquşub və şəhərin mərkəzi ətrafında bir çox yolu bağlayıblar.