XƏBƏRLƏR / İctimaiyyət

Vətən müharibəsindən sonra 441 nəfər minaya düşüb

Bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib

Vətən müharibəsindən sonra 441 nəfər minaya düşüb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Vətən müharibəsindən sonra 441 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub.

    Bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

    O deyib ki, mina qurbanlarının 58 nəfəri mülki şəxslərdir, onların arasında qadınlar və uşaqlar da var:"Azərbaycan mina qurbanlarının sayına görə Cənubi Qafqazda birincidir. Təəssüf ki, bu say artmaqda davam edir".

    Təşkilat rəhbəri diqqətə çatdırıb ki, "İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi" adlı layihə yekunlaşır. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, eyni zamanda, Minatəmizləmə Agentliyinin tərəfdaşlığı ilə birgə elan olunan qrant müsabiqəsi çərçivəsində həyata keçirilib. Layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması olub.

    Hafiz Səfixanovun sözlərinə görə, Kəlbəcər, Şuşa, Cəbrayıl, Xocavənd şəhərlərində, Laçın rayonunun Bəylik, Sus, Zabux kəndlərində, Xocavəndin Qırmızı Bazar qəsəbəsində və Xanoba kəndində, eləcə də Zəngilanın Ağalı kəndində keçirilən maarifləndirmə tədbirlərində geri qayıtmış keçmiş məcburi köçkünlər, müəllimlər, şagirdlər, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları, həmçinin mühəndis və fəhlələr iştirak ediblər. Ümumilikdə azad olunmuş ərazilərdəki 691 nəfər bu tədbirlərə qatılıb.