Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasıdır
İclasda ölkəmizi xarici işlər naziri Ceyhun Bayramov təmsil edir
Bu gün Vyana şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası işə başlayır.
İclasda ölkəmizi xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin dəvəti ilə keçiriləcək bu tədbirdə ATƏT-in 57 iştirakçı dövlətinin və əməkdaşlıq üzrə 11 tərəfdaş ölkənin xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur.
Təşkilatın rəsmi məlumatında, həmçinin bildirilir ki, dekabrın 4-5-də keçiriləcək iclasların təşkilata bu il sədrlik edən Finlandiyada deyil, Avstriyada baş tutmasına dair qərar iştirakçı dövlətlərin və ATƏT Katibliyinin səfərlərlə bağlı yükünün azaldılmasına, həmçinin tədbirin ətraf mühitə təsirinin minimuma endirilməsinə yönəlmiş öhdəliyi əks etdirir.
ATƏT-in ali qərarverici orqanı olan Nazirlər Şurası xarici işlər nazirlərinə ATƏT məkanında təhlükəsizlik vəziyyətini nəzərdən keçirmək, aktual məsələləri müzakirə etmək, həmçinin təşkilatın fəaliyyət sahələri üzrə gördüyü işləri qiymətləndirmək imkanı təqdim edir.
1 dəqiqə