"WhatsApp"da kiberdələduzluq halları kəskin artıb
Sosial şəbəkələrdə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi halları çoxalıb
Son dövrlərdə rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemində və sosial şəbəkələrdə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi və kiberdələduzluq halları kəskin artıb.
Araşdırmalar göstərir ki, dələduzlar vətəndaşların pul vəsaitlərini mənimsəmək üçün sosial mühəndislik üsullarından geniş istifadə edirlər.
Bildirilib ki, geniş yayılan üsullardan biri sosial şəbəkələrdə vətəndaşların dost və ya qohumlarının adından saxta profillərin yaradılmasıdır. Dələduzlar həmin şəxslərin foto və adlarından istifadə edərək “xəstəxanadayam”, “təcili pul lazımdır” və digər bəhanələrlə pul köçürülməsini istəyirlər.
Digər üsul isə psixoloji təzyiq yolu ilə həyata keçirilən telefon zəngləridir. Dələduzlar özlərini bank və ya hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək vətəndaşlara adlarına qanunsuz kredit götürüldüyünü, kartlarından terrorçulara pul köçürüldüyünü və ya digər problemlərin yarandığını bildirirlər. Daha sonra problemin “həlli” adı altında kart məlumatları, SMS-lə göndərilən təsdiq kodları və ya pul tələb olunur.
Belə hallarda xüsusilə nisbətən məlumatsız və yaşlı şəxslər hədəf seçilə bilər. Bəzi hallarda əvvəlcə tanış şəxsin adından saxta mesaj göndərilir, daha sonra isə özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs vətəndaşla əlaqə saxlayır. Zərərçəkənlər hətta “kreditlərin silinməsi” bəhanəsi ilə yeni kredit götürərək həmin vəsaiti dələduzlara göndərməyə sövq edilirlər.
Kiberdələduzların istifadə etdiyi digər üsul saxta investisiya və yüksək qazanc vədləridir. Sosial şəbəkələrdə “10 manat yatır, 1 saata 200 manat qazan” kimi elanlar yerləşdirilir. İlkin mərhələdə sistemdə saxta qazanc göstərilərək vətəndaş daha böyük məbləğ yatırmağa həvəsləndirilir, son nəticədə isə bütün vəsait mənimsənilir.
Fişinq hücumları zamanı isə məşhur elan və poçt xidmətlərinin rəsmi saytlarına bənzədilən saxta səhifələrdən istifadə olunur. Vətəndaşa məhsulunun satıldığı və pulu əldə etmək üçün göndərilən keçidə daxil olmasının lazım olduğu bildirilir. Kart məlumatları və şifrələr saxta səhifəyə daxil edildikdən sonra hesabdakı vəsait oğurlana bilər.
Dələduzlar həmçinin uydurma cərimə, kommunal borc və ya vergi bildirişlərindən istifadə edirlər. Vətəndaşa borcu və ya cəriməni dərhal ödəmədiyi halda avtomobilinin duracağa aparılacağı və yaxud məhkəməyə veriləcəyi barədə mesaj göndərilir və saxta ödəniş keçidinə yönləndirilir.
Tanış və ya yaxın şəxsin adından təcili pul istənildikdə həmin şəxslə birbaşa əlaqə saxlayaraq müraciətin həqiqiliyini yoxlamaq tövsiyə edilir.
Banklar, dövlət qurumları və digər rəsmi təşkilatlar telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PİN kod, CVC/CVV nömrəsi və SMS-lə göndərilən təsdiq kodunu tələb etmirlər.
Həmçinin tanımadıqları şəxslərdən gələn və ya “pulu almaq üçün keçidə daxil olun” tipli mesajlardakı linklərə daxil olmamaq, xidmətlərdən yalnız rəsmi tətbiqlər vasitəsilə istifadə etmək tövsiyə olunur.
“Adınıza kredit götürülüb”, “hesabınızdan pul çıxarılır” və ya “terrorçulara pul köçürülüb” kimi zənglər zamanı isə əlaqəni dərhal kəsmək, zəng edən şəxsin təmsil etdiyini bildirdiyi qurumun rəsmi nömrəsi və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq məsləhət görülür.
Rəqəmsal mühitdə ayıq-sayıq olmaq, fərdi və maliyyə məlumatlarının təhlükəsizliyinə həssas yanaşmaq lazımdır.

4 dəqiqə