XƏBƏRLƏR / Mədəniyyət

Xalq artisti Aleksandr Şarovski dəfn edilib

YENİLƏNİB

Xalq artisti Aleksandr Şarovski dəfn edilib
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 16:07

    Azərbaycanın Xalq artisti Aleksandr Şarovski dəfn edilib.

    Mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

    ***

    15:07


    Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb:

    "Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Aleksandr Yakovleviç Şarovski 2026-cı il sentyabrın 9-da ömrünün 79-cu ilində vəfat etmişdir.

    Aleksandr Şarovski 1948-ci il fevralın 10-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili və ədəbiyyatı fakültəsində ali təhsil almışdır.

    Əmək fəaliyyətinə hələ tələbə ikən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan Aleksandr Şarovski ömrünü teatr sənətinə həsr edərək, 1976-cı ildən etibarən yarım əsrlik bir dövr ərzində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor, rejissor assistenti və quruluşçu rejissor, 1993-cü ildən isə baş rejissor vəzifələrində çalışmışdır.

    Azərbaycan səhnə sənətinin əldə etdiyi nailiyyətlərdə Aleksandr Şarovskinin teatrın klassik ənənələrindən və müasir inkişaf təmayüllərindən məharətlə faydalanmış sənətkar kimi böyük xidmətləri vardır. O, teatr səhnəsində özünün təbiiliyi ilə seçilən obrazlar canlandırmışdır. Rejissor kimi zəngin yaradıcılıq axtarışları sayəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi çox sayda tamaşa parlaq səhnə həlli ilə seçilmiş və teatr mühitində rəğbətlə qarşılanmışdır. Bu tamaşalar ölkəmizin hüdudlarından kənarda da mötəbər teatrlarda uğurla nümayiş etdirilmiş və Azərbaycan mədəniyyətinin təbliği işinə töhfə vermişdir.

    Aleksandr Şarovski eyni zamanda geniş ictimai fəaliyyəti ilə tanınırdı. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü və Avropa yəhudilərinin Bakı dini icmasının rəhbəri olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ölkəmizdə multikultural dəyərlərin qorunub saxlanılması üçün var qüvvəsini əsirgəməmişdir.

    Aleksandr Şarovskinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, "Əməkdar artist" (1987) və "Xalq artisti" (1998) fəxri adlarını almış, Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" (2008), "Şərəf" (2018) ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" (2023) ilə təltif edilmişdir.

    Tanınmış sənətkar və ictimai xadim, səmimi insan Aleksandr Yakovleviç Şarovskinin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

    Qəbri nurla dolsun!

    İlham Əliyev

    Mehriban Əliyeva

    Əli Əsədov

    Sahibə Qafarova

    Samir Nuriyev

    Eldar Əzizov

    Fərəh Əliyeva

    Adil Kərimli

    Ramin Məmmədov

    Polad Bülbüloğlu

    Anar Rzayev

    Hacı İsmayılov

    Şəfiqə Məmmədova

    Lyudmila Duxovnaya".

    ***

    14:13

    Görkəmli teatr xadimi, rejissor, Xalq artisti Aleksandr Şarovski ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında vida mərasimi keçirilir.

    Vida mərasimində Azərbaycan Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, nazirlik nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.

    Qeyd edək ki, Aleksandr Şarovski sentyabrın 9-da 78 yaşında vəfat edib.

    Mərhumun cənazəsi teatrın matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.

    Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklillər düzülüb.

    O, “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına layiq görülüb, “Şöhrət” (2008), “Şərəf” (2018) ordenləri, “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

    ***

    11:04

    Azərbaycanın Xalq artisti Aleksandr Şarovski II Fəxri Xiyabanda dəfn ediləcək.

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, mərhum sənətkarla vida mərasimi sentyabrın 9-u saat 14:30-da Səməd Vurğun adına Rus Dram Teatrında keçiriləcək.

    ***

    10:39


    Xəbər verdiyimiz kimi, görkəmli teatr xadimi, rejissor, Xalq artisti Aleksandr Şarovski sentyabrın 9-da 78 yaşında vəfat edib. Onun ölümü Azərbaycan mədəniyyətinə ağır itkidir.

    Aleksandr Yakovleviç Şarovski 1948-ci il fevralın 10-da Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.

    O, 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən taleyini 50 il ərzində çalışdığı S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına bağlayıb. Bu səhnədə aktyor kimi həyat verdiyi Rezo ("Premyera", L.Roseb), Eldar ("Qum üzərində ev", R.İbrahimbəyov), Şeyx Sənan ("Şeyx Sənan", H.Cavid), Fərhad ("Fərhad və Şirin", S.Vurğun), Henrix ("Kral Lir", V.Şekspir), Mehmandarov ("Neft bumu", M.İbrahimbəyov) – ümumilikdə 50-dən çox obraz tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

    Aleksandr Şarovski 1978–1990-cı illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rejissor assistenti, 1991-ci ildən quruluşçu rejissor, 1993-cü ildən 2026-cı ilədək baş rejissor kimi fəaliyyət göstərib. Bu illər ərzində 50-dən artıq tamaşaya quruluş verib.

    Sənətkar, eyni zamanda, "Yarımçıq qalmış mahnı" (1979), "Anın quruluşu” (1980) "Qorxma, mən səninləyəm" (1981) və "Lətifə" (1989) filmlərində çəkilib, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

    Geniş ictimai fəaliyyəti ilə də tanınan Xalq artisti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasında təmsil olunurdu.

    Aleksandr Şarovskinin Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına layiq görülüb, “Şöhrət” (2008), “Şərəf” (2018) ordenləri, “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

    Mədəniyyət Nazirliyinin kollektivi görkəmli teatr xadimi, Xalq artisti Aleksandr Şarovskinin vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


    ***

    09:44

    Azərbaycnın Xalq artisti Aleksandr Şarovski vəfat edib.

    78 yaşlı A.Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi.

    Birinci vitse-prezident Mehriban Əliyeva paylaşım edib.

    Paylaşımda deyilir:

    "Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!"