BLOQ

Xalq rəssamı Maral Rəhmanzadənin doğum günüdür

Bu gün tanınmış rəssamın anadan olmasından 108 il ötür

Xalq rəssamı Maral Rəhmanzadənin doğum günüdür
Maral Rəhmanzadə
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü.

    1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib. İnstitutu bitirdikdən sonra Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlib. 1941-ci ildə rəssamın atası “xalq düşməni” elan olunub, altı aydan sonra Daşkənd həbsxanasında vəfat edib. M.Rəhmanzadə Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətini davam etdirib.

    Rəssamın “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt-Rustavi” və digər əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş olunub. O, əsərlərində doğma diyarın misilsiz gözəlliyini - əzəmətli Naxçıvan dağlarını, bol-bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib.

    M.Rəhmanzadə əsərlərində qadın bədəninin gözəlliyini qabardan milli geyimləri təsvir etməyi daha çox sevirdi. Tablolarındakı kənd qızları yaraşıqlı və şəndir. Zərgər qızı Maral Rəhmanzadə milli libasları böyük sevgi və bacarıqla zərgərlik məmulatı ilə tamamlayırdı. O, qadın obrazlarını “Odlar Yurdunun qızları”, “Üç çiçək” və “Mənim bacılarım” əsərlərində canlandırıb.

    İstedadlı rəssam kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərib, bədii əsərlərə illüstrasiyalar çəkib. M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.Puşkinin “Yevgeni Onegin” və M.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların müəllifidir. M.Rəhmanzadə səfər etdiyi xarici ölkələrin həyatından silsilə qravürlər yaradıb.

    Əsərləri xarici ölkələrdə incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri açılıb. “Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.

    Gəncliyində də çox gözəl bir qız olan Maral xanım 1941-45-ci illər müharibəsinin başlanmasından bir qədər öncə ona aşiq olan gənclərdən biri ilə evlənir; amma bu xoşbəxtliyin ömrü çox qısa olur. Toylarından bir həftə sonra Maral Rəhmanzadənin həyat yoldaşını müharibəyə aparırlar. Əri müharibəyə gedir və dönmür. Maral xanım onu gözləməyə qərar verir, bir daha evlənməyi belə fikrindən keçirmir. Sevgilisinin geri dönəcəyinə ümidini üzmür, öz tənhalığına alışır və bu tənhalığı çəkdiyi əsərlərlə bölüşür, acılarını, həsrətini sənətində yaşadır. Onun bir çox əsərlərində bu yaşantıları, ağır kədərin və ümidin paradoksal əlaqəsini bütün dərinliyinə qədər hiss etmək olur. Bu əsərlər Maral xanımın nakam taleyinin doğurduğu mübhəm hissləri, duyğuları yaşadır. Və gənc qadının sonsuz ümidi, inamı gerçək olur. Həyat yoldaşı cəbhədən qayıdır. Amma sonra başqa bir səbəbdən ayrılırlar və Maral xanım ömrünün sonunadək evlənmir.
    Maral Rəhmanzadənin şəxsi taleyi haqqında düşünəndə qeyri-ixtiyari onunla bağlı təsirli bir hadisəni xatırlayırıq. Ailə qurmadan öncə, Moskvada birgə rəssamlıq təhsili aldığı Səttar Bəhlulzadə Maral xanımı sevirmiş.

    Lakin sevdiyi gözəl qızın könlünü başqa birinə verdiyini, ailə qurmağa hazırlaşdığını öyrəndiyi üçün qəlbini ona aça bilmir. Tələbəlik illərində də, sonralar da bu iki böyük rəssam dost olur, amma Maral xanımıın onu yalnız həmkarı, dostu kimi sevdiyini anlayan Səttar Bəhlulzadə sevgisini ömrünün sonunadək gizlədir və heç vaxt evlənmir...

    M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.

    Rəssam 2008-ci il martın 18-də vəfat edib, Mərdəkan qəbiristanlığında torpağa tapşırılıb.