Xamenei Donald Trampı “təlxək” adlandırdı
Mollabaşı Trampın İsrailə səfəri zamanı səsləndirdiyi bəyanata sərt reaksiya verib

Bu gün İranın ali rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın İsrailə səfəri zamanı səsləndirdiyi bəyanata sərt reaksiya verib. O, Trampı “boş sözlər danışan” və “axmaq davranışlar sərgiləyən” şəxs kimi xarakterizə edib.
Xamenei İranın idman çempionları ilə görüşündə çıxışı zamanı bildirib ki, Tramp bölgə, İslam Respublikası və İran xalqı haqqında çox sayda yalanlar danışmaqla İsraildəki “ümidsiz və məyus olmuş sionistlərə” mənəvi dayaq verməyə çalışıb.
“Bu adam cəfəngiyyat və təkəbbürlü sözlərlə onların ruhunu qaldırmağa çalışır, ancaq bu cəhdlər əbəsdir,” – deyə Xamenei qeyd edib.
O, əlavə edib ki, 12 günlük müharibədə “sionistlərə” elə sillə vurulub ki, onlar bununla barışmaqda çətinlik çəkiblər. Onun sözlərinə görə, Trampın İsrail səfəri məhz bu məyusluğu aradan qaldırmaq və “sionist rejimə” mənəvi ruh vermək məqsədi daşıyıb.