XƏBƏRLƏR / Hadisə

Qəzaya düşmüş PFL rəhbərliyinin son durumu YENİLƏNİB

PFL-in əməkdaşları gün səhər saatlarında Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verən qəzada ağır xəsarət alıb

Qəzaya düşmüş PFL rəhbərliyinin son durumu YENİLƏNİB
Elxan Səmədov
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 16:25

    Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının 6 əməkdaşı Bakıda yerləşən Liv Bona Dea Hospitalına gətirilib.

    Bu barədə xəstəxananın baş həkimi və ürək-damar cərrahı Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, xəsarət alanlardan ikisinin tibbi vəziyyəti kritikdir: “Günorta saatlarında xəstəxanamıza altı nəfər avtoqəza keçirmiş şəxs daxil olub. Bunlardan PFL prezidenti Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, qurumun vitse-prezidenti Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib. E. Səmədovla A. Şahgəldiyevin tibbi vəziyyəti digərlərinə nisbətən daha kritikdir. Hər ikisi hazırlıqlardan sonra əməliyyata alınacaq. Neyrocərrahiyyə, plastik cərrahiyyə və ortopediya-travmatologiya hakimlərinin hamısı komanda halında bu iki xəstə üzərində əməliyyat icra edəcək. Digər xəstələrə ilkin tibbi müdaxilələr olunub. Vəziyyətləri sabitdir. Onlar stasionara yatırılıblar”.

    ***

    15:47

    Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alanlar Bakıda “Bona Dea” Hospitalına yerləşdiriliblər.

    Hospitalın baş həkimi Cabir Gülmalıyev deyib ki, günorta saatlarında 6 nəfər avtoqəza keçirmiş PFL komandasının xəsarət almış üzvləri xəstəxanaya aparılıblar: “Onlardan Elxan Səmədov və Aslan Şahgəldiyevin vəziyyəti digərlərinə nisbətən daha kritikdir. Hər ikisi hazırlıqlardan sonra əməliyyat olunacaqlar. Digər xəstələrə ilkin tibbi müdaxilə olunub və vəziyyətləri stabildir. Stasionara yatırılıblar”.

    Qeyd edək ki, mikroavtobusda qəzaya düşən şəxslər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarıdır. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev vitse-prezidenti, Zaur Hacıməhərrəmov icraçı direktor, Elgiz Abbasov texniki-idman direktoru, Sənan Abdullayev media və marketinq direktoru, Rasim Qafarlı isə sürücüdür.

    ***

    14:35

    Ağır xəsarətlər alan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılır.

    PFL prezidentinə sağ baldırın yuxarı 1/3-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı diaqnozu qoyulub.

    Son məlumata görə, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev də Türkiyəyə aparılır.

    ***

    12:43

    Bu gün səhər saatlarında Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verən qəzada 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, yaralılar Bərdə xəstəxanasına gətirilib. Onlardan 4-nün vəziyyəti ağırdır. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar Bakıya yola salınıblar.

    Qeyd edək ki, Ağdamda qəzaya düşən PFL rəhbərliyinin Xankəndiyə səfəri dekabrın 21-də baş tutacaq Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü ilə bağlı olub. 

    ***

    11:55

    Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər (kişi) 16.12.2023-cü il tarixində saat 07:05 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti orta ağır, ikisinin vəziyyəti isə stabil qiymətləndirilir.

    Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

    Qeyd edək ki, Elxan Səmədov PFL-in (Peşəkar Futbol Liqası) prezidentidir və onun vəziyyəti ağırdır. E.Səmədov Bakıya gətirilir.

    Elxan Səmədov

    Qəzaya düşən Sənan Abdullayev PFL-in mətbuat katibi, Aslan Şahgəldiyev qurumun vitse-prezidenti, Elgiz Abbasov PFL-də texniki idman direktoru və Zaur Hacıməhərrəmov qurumun icraçı direktorudur.

    Sənan Abdullayev
    Aslan Şahgəldiyev
    Elgiz Abbasov
    Zaur Hacıməhərrəmov

    ***

    Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, nəticədə sürücü R.Qafarlı və avtomobildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər.

    Faktla bağlı araşdırma aparılır.