Xankəndidən çıxmayan erməni ailəsi Bako Saakyanın evindədir
Bəzi ermənilər isə məşhur iş adamı Tsexavik Edonun nəhəng evinə yerləşdirilib
Xəbər verdiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları ötən həftə Qarabağ İqtisadi Zonasında yaşayan erməni əsilli sakinləri ziyarət ediblər.
Ziyarətin əsas məqsədi onların ehtiyaclarının qiymətləndirilməsi olub.
Qarabağı tərk etməyib Xankəndidə qalan erməni sakinlərdən biri də Sarkis Qalstyandır. O, Xankəndidə həyat yoldaşı ilə yaşayır.
Ermənistanın “Hraparak” nəşri yazır ki, Sarkis Qalstyan və həyat yoldaşı əvvəllər yaxın münasibətdə olduqları Bako Saakyanın – qondarma “Artsaxın keçmiş prezidenti”nin evində yaşayır.
Bəzi ermənilərin isə Rusiya sülhməramlıları tərəfindən Qarabağdan köçmüş məşhur iş adamı Tsexavik Edonun nəhəng evinə yerləşdirildiyi bildirilir. Məlumata görə, Tsexavik Edo Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” Samvel Babayanın yaxın dostlarından biri olub və Xankəndidə yanacaqdoldurma məntəqələri işlədib.