Xarici diplomatlar Ağdam-Xankəndi yolunda olublar
Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatların suallarını cavablandırıb
Prezidentin köməkçisi Hikmət Hacıyev: "Ağdam-Əsgəran-Xankəndi yolu hazırdır, işləyir və bütün lazımi yüklərin çatdırılması üçün açıqdır. Ağdamdan Xankəndinə cəmi 23 km. Diplomatik korpus və beynəlxalq media ilə birlikdə yoldayıq və Əsgərana tərəf baxırıq. Azərbaycan divarlar yox, yollar çəkir!"
Prezidentin köməkçisi onu da qeyd edib ki, Azərbaycan eyni zamanda Qarabağ erməni sakinlərinə Füzuli - Şuşa yolunu da təklif etmişdir ki, yüklərin, malların çatdırılması üçün istifadə oluna bilər: “Bu artıq diplomatik sirr deyil və mən açıq şəkildə deyə bilərəm ki, Xarici İşlər Nazirliyinin bəyanatında da biz qeyd etmişdik. 5 avqustda razılıq əldə olunub ki, BQXK humanitar yükləri bu yol vasitəsilə Xankəndinə çatdıracaq. Bunun davamı olaraq razılaşdıq ki, 24 saat sonra Azərbaycanın sərhəd və gömrük rejiminə riayət etməklə , qanunlara əməl etməklə Laçın-Xankəndi yolu da açılır. Bu anlaşmanın tərkib hissəsi kimi Yevlax şəhərində Azərbaycanın müəyyən etdiyi nümayəndə ilə Qarabağ ermənilərinin nümayəndəsi arasında görüşün keçirilməsi nəzərdə tutulurdu ki, burada biz bütün reinteqrasiya, eləcə də sosial infrastruktur layihələrini müzakirə etməyə hazır idik. Biz bu yolu istifadəyə bəyan edəndən sonra, gördüyünüz kimi növbəti məntəqə Rusiya sülhməramlılarının postudur, onun arxasında ermənilərin hərbi postu görünür və ermənilər həmin yola gətirib bloklar qoymağa, beton sədlər qoymağa başladılar. Sonra da başladılar Azərbaycanı ittiham etməyə. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumda beynəlxalq jurnalistlərə dediyi kimi, indi baxın kim kimi bloklayır. Ermənistan yolları bloklayır, Azərbaycan sadəcə olaraq yolları açır və yolla tikir, təkcə quru yollarını yox, eyni zamanda dəmiryolu xətlərini də açır”.