Xələf Xələfovun İran səfərinin yekunlarına dair
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Prezident Rəisi, XİN rəhbəri Abdullahiyan və AMTŞ katibi Əhmədiyanla görüşüb
İranda səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Tehranda İİR prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) katibi Əli Əkbər Əhmədiyanla görüşlər keçirib.
İRNA-nın məlumatına görə, İran Prezidenti ilə görüş zamanı Rəisi Qafqazda sabitliyin qorunub saxlanılmasının və yaxşılaşdırılmasının region ölkələrinin əməkdaşlığından asılı olduğunu, onların özlərinin regional problemləri həll etmək iqtidarında olduğunu bildirib.
O, əlavə edib ki, regiondankənar dövlətlərin iştirakı fayda vermir. Onun fikrincə, regionun geosiyasəti dəyişməməlidir.
Öz növbəsində, AMTŞ katibi Əli Əkbər Əhmədiyan qeyd edib ki, İran regionun geosiyasətini dəyişdirə biləcək istənilən plana, xüsusən, Qafqazda Zəngəzur dəhlizi ilə bağlı planlara qarşı çıxır.
Onun fikrincə, regionda geosiyasi dəyişikliklərə gətirib çıxara biləcək istənilən hərəkətlər "nəinki region ölkələrinə kömək etməyəcək, həm də regiondankənar qüvvələrin müdaxiləsi üçün zəmin yaradacaq".
Əhmədiyan İranın "Dağlıq Qarabağ"ın Azərbaycan ərazisinin bir hissəsi olması ilə bağlı mövqeyini qeyd edib və əlavə edib ki, İran möhkəm sülhün bərqərar olunması üçün region ölkələrinin birləşməsinə kömək etməyə hazırdır.
"Zəngəzur dəhlizi sülh sazişi yolunda böyük maneədir", deyə o bildirib.
Bu zaman o, "ermənilərin nəzarət-buraxılış məntəqələrindən yan keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışı" təmin edəcək nəqliyyat marşrutunun yaradılması mümkünlüyünü qeyd edib.
Beləliklə, Əhmədiyanın sözlərindən aydın olub ki, dəhliz İran ərazisindən də çəkilə bilər.
İRNA-nın yazdığına görə, Xələfov, öz növbəsində, Azərbaycanın regionda sülhüm və sabitliyin qorunması və mübahisələrin regional çərçivədə həlli üzrə siyasətini xüsusi qeyd edib.
Tərəflər həmçinin İran və Azərbaycan arasında bütün sahələrdə münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun İrana səfəri Ermənistanın milli təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın bu ölkəyə səfərindən sonra baş tutub.
O da İranın yüksək vəzifəli məmurları, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkə prezidenti İbrahim Rəisi və s. ilə görüşlər keçirib.
"Azadlıq Radiosu"nun Ermənistan xidmətinin məlumatına görə, İran SQ-nin Baş Qərargah rəisi Məhəmməd Bağiri Qriqoryanla görüşdə bildirib ki, İran Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi göndərməyə hazırdır.
"Cənubi Qafqazdakı hadisələr regionun təhlükəsizliyinə təsir edir, gərginlik nə Ermənistanın, nə Azərbaycanın, nə də digər region ölkələrinin maraqlarına uyğun deyil", deyə o bildirib.
Ermənistanda bu yaxınlarda keçirilən Ermənistan-Amerika hərbi təlimlərinə toxunan Bağiri "regiondankənar qüvvələrin iştirakının qeyri-sabitliyə şərait yaradacağını" bildirib.
Azərbaycan tərəfi hələlik Xələfovun İrana səfəri haqqında məlumat yaymayıb.