XİN BQXK-nın son bəyanatını şərh etdi
"BQXK-nın siyasi məqsədlər üçün sui-istifadə edilməməsi vacibdir"
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bölgədə humanitar vəziyyət və BQXK-nın fəaliyyəti ilə bağlı 25 iyul tarixində verdiyi bəyanat tərəfimizdən qeydə alınıb.
Bu barədə XİN-nin Beynəlxalq Qızıl Xaç Komitəsinin bölgədə humanitar vəziyyətlə bağlı 25 iyul tarixli bəyanatına dair şərhində bildirilib.
Məlum olduğu kimi, cari ilin 15 iyun tarixində Laçın sərhəd buraxılış məntəqəsinin atəşə tutulması, iyul ayında erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti qeyri-qanuni fəaliyyət, eləcə də sərhəd keçid məntəqəsinin fəaliyyətinə maneçilik kimi qiymətləndirilərək, bu kimi pozucu tədbirlərə son qoyulması tərəfimizdən tələb olunub.
Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyət cəhdlərinin qarşısını almaqla yanaşı, Azərbaycan tərəfi BQXK ilə vacib əməkdaşlığı davam etdirib. Azərbaycan tərəfinin BQXK ilə apardığı müzakirələrdən sonra, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinə şərait yaradılıb və gün ərzində onlarla erməni sakin hər iki istiqamətdə sərhəd məntəqəsindən keçib.
Daha böyük miqdarda dərman preparatları və yüklərin daşınması və tədarükü üçün Azərbaycan tərəfindən “Ağdam-Xankəndi” yolundan istifadə etməklə yardım təklif edilib. Lakin buna baxmayaraq, təəssüflər olsun ki, erməni tərəfi təkidlə bu yoldan imtina edilir.
Bununla yanaşı, erməni sakinlərin tibbi məqsədlər üçün Laçın sərhəd buraxılış məntəqəsindən BQXK vasitəsilə keçidinin daha da asanlaşdırılması məqsədilə BQXK-nın həkiminin əraziyə getməsi ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, yerində bundan imtina olunması da təəssüf doğurur.
Erməni tərəfinin Azərbaycan tərəfindən atılan addımlara və dəstək niyyətinə, o cümlədən BQXK tərəfindən sözügedən bəyanatda da qeyd edildiyi kimi “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təkliflərinə qarşı çıxması bölgədə “gərgin humanitar vəziyyət” iddialarının siyasi manipulyasiya və təzyiq vasitəsi olduğunu bir daha sübut edir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar mandatına riayət olunması və ondan siyasi məqsədlər üçün sui-istifadə edilməməsi vacibdir.