XİN Ermənistanın bəyanatını əsassız adlandırdı
Ermənistanın Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməsi tamamilə əsassızdır
Ermənistan tərəfindən 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimizin, tarixi və dini abidələrin məqsədli şəkildə Ermənistan tərəfindən dağıdılması, təbii sərvətlərimizin talanması, 4 minə yaxın vətəndaşımızın itkin düşməsi və kütləvi məzarlıqların aşkarlanması, Ermənistanın mina təhdidlərini davam etdirməsi, ərazi bütövlüyü və suverenliyə, eləcə də üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmaması, Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməsi, indiki Ermənistan ərazisindən azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməsi faktlarının və Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə verilməsi tamamilə əsassızdır.
Bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadənin Ermənistan XİN-in bəyanatına cavabında yer alıb.
Ayxan Hacızadə, həmçinin vurğulayıb ki, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Ermənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağıdan, bununla Azərbaycanının tarixi torpaqlarını erməniləşdirən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadəsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır.