Xocalı - ürəkdən yumşaq olan torpaq

Xocalı torpağının altında yaşayan ailə haqda qısametrajlı “Qazma” adlı sənədli film VİDEO

  • Oxuma müddəti:

    4 dəqiqə

  • 1989-cu ildə Qarabağ münaqişəsi başlayanda atam, keçmişdə Kapustin Yar Məxfi Raket Hərbi Hissəsinin komandiri Fuad Mustafayev bizə - oğullarına belə bir nəsihət verdi: “Qoruyun torpaqlarıımızı! Unutmayın ki, bu torpaqlar sizə nənə-babanızdan, ana-atanızdan miras qalmayıb, siz bu torpaqları övladlarınızdan borc almısınız”. Sözsüz ki, onda mən bu sözləri anlamadım və atamın növbədənkənar, vacib deyilməli bir kəlamı kimi qəbul etdim. Lakin…

    1991-ci ilin may ayında ermənilər tərəfindən Xocalıya "Alazan" topları ilə daim atəşlərlə əlaqədar reportaj hazırlayırdım. Baxmayaraq ki, Şuşa, Malıbəyli hələ bizdə idi, ümumi vəziyyət yaxşı deyildi. Ağdamdan Xocalıya "PAZ" markalı marşrut avtobusu ilə gələrkən yolun ortasında, Əsgəranda erməni uşaqları bizə daş atmağa başlamışdılar. Qarabağda ilk qaçqınlarımız var idi. Daşbulaq kəndindən (Xocalının kəndi) qaçan kəndliləri ölkə rəhbərliyi Xocalıya yerləşdiridi. Bundan sonra Özbəkistanın Oş-Fərqanə vilayətlərindən Azərbaycana qaçqın düşən Mesxeti türklərini də respublika rəhbərliyi niyəsə Xocalıya yollayır. Niyə? Türk mənşəli, ev-eşiyini itirmiş, acınacaqlı vəziyyətdə olan qaçqınlarla Xocalını doldurmaq planı həddindən artıq gecikmiş alternativ idi. Ermənistan bu illər boyu Qarabağı ermənilərlə doldurmağa artıq müvəffəq olmuşdu. Bu şəraitdə Azərbaycan gücünü göstərməli idi. Xankəndi ilə Əsgəran arasında "sendvic" şəraitində yaşayan Xocalıya silah-sursat, ağır texnika, hərbçilər gətirmək lazım idi. Amma sonradan “tale” adlanan Azərbaycanın naşı siyasi rəhbərliyi Xocalı faciəsini gündən-günə yaxınlaşdırırdı. 

    Bəs bu qaçqınlar Xocalıda evsiz-eşiksiz, pulsuz-parasız nə edirdilər?

    Xocalılar bəzi qaçqınları öz evlərində qonaqlayır, kimlərsə cadırlarda qalır, kimsə dövlət büdcəsindən qaçqınlara ev tikmək üçün ayrılan pulları yeyir, kimsə həyatın bu vicdansızlığını görməmək üçün əlacsız qalıb, utanıb yerə girirdi.

    Deyirlər güllər torpağın təbəssümüdür – yəqin elə bu səbəbdən Xocalıda müsahibimin “evinə” gedərkən mən hədiyyəlik bir gül dəstəsi tapa bilmədim. Əliboş gəldim, daha doğrusu, düşdüm. Müsahibim, Azərbaycan vətəndaşı, iki övlad anası yaşamaq üçün torpağı əlləri ilə qazıb özlərinə “ev” qurmuşdu. Bu cür ailələr, həyatlarını qəbiristanlığa çevirən ailələr çox idi. Mən 1991-ci ildə onlardan biri, Xocalı torpağının altında yaşayan ailə haqda qısametrajlı “Qazma” adlı sənədli film çəkdim. 

    Bu o dövr idi ki, Azərbaycan hələ öz fikirlərini kiril əlifbası ilə ifadə edirdi. Bütün qəzet-jurnal kiril əlifbası ilə yazılırdı, sənədləşmə də kiril əlifbası ilə aparılırdı. Azərbaycan həлə ССРИ-нин бир Совет Сосиалист Республикасы иди. Amma mən ANS-in verilişlərində artıq imperiyaya qarşı savaş çərçivəsində latın qrafikasından istifadə edirdim. Bəli, ola bilər ki, "ə" və "q" hərflərini indiki kimi yazmamışdım - amma mənim bu filmimin titrləri və ümumiyyətlə, ANS-in layihələri Azərbaycanın latın əlifbasına keçidinin ilk qaranquşu və təbliğatçısı idi. Xatırlatmaq istəyirəm ki, söhbət Azərbaycanın müstəqil olmasından beş ay və Xocalı faciəsindən doqquz ay əvvəl, 1991-ci ilin may ayında baş verənlərdən gedir. 

    Mənim "Qazma" filmimdə göstərdiyim Xocalını əksəriyyətiniz görməmisiniz və təsəvvür də edə bilməzdiniz ki, bu qəsəbə belə günlər yaşayıb. Bu günləri unutsaq, bizim gələcəyimiz olmaz!

    ALLAH XOCALIDA ŞƏHİD VƏ QURBAN OLANLARA RƏHMƏT ELƏSİN...