BLOQ

Yeddi "S" süfrəsi...

Və ya Novruz atəşpərəstlikdirmi?

Yeddi "S" süfrəsi...
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Yeddi "S" süfrəsi nədir?

    Bu barədə müxtəlif fikirlər irəli sürlülüb. Novruz fars mənşəli söz olaraq yeni gün mənasını verir. Bayramın dinlə əlaqəsi yoxdur. Hərçənd bəzi məzhəbçilər imamların adından saxta rəvayətlər uyduraraq ona dini rəng qatmağa çalışmış və dua kitablarında bu günün xüsusi dua və namazlarının qaydalarını da qeyd etmişlər.

    Çoxları Novruzu atəşpərəstliklə əlaqələndirsələr də, heç bir məntiqi  dəlil ortaya qoya bilməmişlər. Çünki Novruz qədim iran ərazisində Sasani imperatorluğundan çox-çox əvvəl qeyd edilmiş, sadəcə, Sasanilərin zamanında rəsmiləşərək tətil günləri elan edilmişdir.

    Və bayramda atəşpərəstlik ayin və atributları ilə əlaqəli heç nə yoxdur. Əgər kimsə cahillik üzündən qalanan odla əlaqələndirsə, bilməlidir ki, atəşpərəstlikdə od müqəddəsdir və onu harada gəldi və nə zaman istəsən yandırmırlar. Ümumiyyətlə, atəşpərəstlikdə "atəşgah" adlanan yerlərdə yerdən çıxan qazlar yanır. Və onu kimsə nə yandırır, nə də söndürür.  

    İndi isə bayramın atributlarından olan "yeddi  s" süfrəsi barədə. Azərbaycanda "yeddi s" süfrəsinə səməni, süd, su, sumaq, sirkə, süzmə, sucuq və s... nemət qoyulur. Xalqların dil fərqində "yeddi s" süfrəsində də fərqlilik nəzərə çarpır. Məsələn, fars dilli İranda (sib-alma, səməni, sir-sarımsaq, serke-sirkə, senced-innab, somaq-sumaq, sekke-sikkə pul) qoyular. Bəs niyə yeddi?

    Bunu insanlar 7 rəqəmini müqəddəs hesab etmələri ilə əlaqələndirmişlər. Göyün yeddi qatı, həftənin 7 günü, göy qurşağının 7 rəngi və s.

    Tarixi mənbələrdə bu da qeyd olunur ki, İranda qədim zamanlarda süfrəyə "7 Ş hərfi" ilə başlayan ərzaq qoyulardı (şəm-şam, şərbət, şərab, şəhd-xalis bal, şirni, şəqayeq-lalə gülü ), lakin İslamın gəlişi ilə şərab haram edildiyindən şərab sirkə ilə əvəz olunur bə digər ərzaqlar da "s" hərfi ilə dəyişməli olur.

    Amma "yeddi s" ilə başqa bir xəbər də verilir. Qədimdə bayram günləri imkanlı şəxslər 7 yoxsul ailəyə sinidə yemək paylayarmışlar. Sonradan sini sözündəki i hərfi düşür və yerdə qalan sin olur. Bu da ərəb qrafikasında 12-ci, fars əlifbasında isə 15 ci hərfin adıdır (س-sin).

    Lakin başlanğıc və ənənə necə olur-olsun, niyyət xeyirdirsə, bunun dinlə heç bir əlaqəsi və onunla heç bir ziddiyəti yoxdursa, qeyd etmək olar və lazımdır.

    Bayramınız mübarək!