Yerevan Naxçıvana gedən yolda Rusiya sərhədçilərini istəmir
Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov 2023-cü ilin yekunlarına həsr olunmuş Böyük mətbuat konfransında deyib
"Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirməsini istəmir."
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi 2023-cü ilin yekunlarına həsr olunmuş Böyük mətbuat konfransında bildirib.
"Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanan bu üçtərəfli razılaşmaların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Ermənistan üçün Sünik vilayətindən keçməklə marşrutun açılması kimi belə bir praktik, sərfəli bir şeyin hələ də kağız üzərində qalması çox kədərlidir", - deyə Lavrov vurğulayıb.
Onun sözlərinə görə, bu marşrutun hələ də açılmamasının səbəbi İrəvanın mövqeyindədir, kimsə bu barədə İrəvana məsləhət verir:
"Avropa Birliyi, Fransa, Almaniya və ABŞ başa düşən kimi ki, Ermənistan-Azərbaycan prosesi nəticələr verir, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması ilə bağlı nəticələr var, dərhal dəvətsiz bu proseslərə daxil oldular və spoyler rolunu oynadılar".