Yollarda sürət həddi endirildi
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
“Bununla bağlı məlumat sürət tablolarında dəyişiklik edilib. Belə ki, Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə hərəkət sürəti aşağı salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda qeyd olunub.
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən bildirilib ki, müraciətdə hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmaq, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etmək, sürət həddini yol və hava şəraitə uyğun seçmək, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinmək xahiş edilir.
“Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”, - müraciətdə deyilir.