XƏBƏRLƏR / Hadisə

Yük maşını körpüdən aşıb, 3 nəfər ölüb YENİLƏNİB

Hadisə Bakının Biləcəri dairəsində qeydə alınıb

Yük maşını körpüdən aşıb, 3 nəfər ölüb YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 12:59

    Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən bildirlib.

    Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın cinsli) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.

    ***

    11:40

    Sentyabrın 6-da saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    "Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda onların müayinə və müalicələri davam etdirilir. 2 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb", məlumatda deyilir.

    ***

    Bakının Binəqədi rayonu ərazisi yerləşən Biləcəri körpüsündə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı avtomobillərdə sıxılı vəziyyətdə qalan iki nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Toğrul Mehdiyev jurnalistlərə açıqlamasında məlumat verib.

    ***

    11:20

    DİN-in Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

    İdarədən verilən məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

    Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    11:12


    Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    TƏBİB-dən bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

    Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunur.

    Bir nəfərin (kişi) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb. 

    ***

    10:27

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Biləcəri dairəsində qeydə alınıb. 

    Belə ki, körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirərək aşağıdakı avtomobillərin üzərinə düşüb.

    Nəticədə bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb, xəsarət alanlar var.

    Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

    Əlavə məlumat veriləcək.