XƏBƏRLƏR / Dünya

Yunanıstan sahillərində qayıq batıb, 300 pakistanlı ölüb

Bu barədə Pakistan senatının sədri Sadiq Sancraninin ofisi tərəfindən "twitter"də yayımlanan məlumatda bildirilir

Yunanıstan sahillərində qayıq batıb, 300 pakistanlı ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Liviyadan İtaliyaya qeyri-leqal mühacirləri daşıyan qayığın Yunanıstan sahillərində qəzaya uğraması nəticəsində ən azı 300 Pakistan vətəndaşı həlak olub.

    Bu barədə Pakistan senatının sədri Sadiq Sancraninin ofisi tərəfindən "twitter"də yayımlanan məlumatda bildirilir.

    Eyni zamanda Pakistanın Baş naziri Şahbaz Şərif özünün "twitter" səhifəsində qayığın batması ilə bağlı hadisənin səbəblərinin müəyyən olunması üçün yüksək səviyyədə təhqiqatın aparılmasına göstəriş verdiyini yazıb. O, həmçinin Xarici İşlər Nazirliyinə itkin düşənlər haqqında məlumatın əldə olunması üçün bütün səviyyələrdə təcili tədbirlər görməyi tapşırıb.

    Qeyd edək ki, iyunun 14-də Yunanıstanın Peloponnes yarımadasında yerləşən Pilos şəhəri sahillərində qeyri-leqal mühacirləri daşıyan balıqçı qayığı batıb. Liviyadan İtaliyaya gedən gəmidə Suriya, Misir, Fələstin və Pakistandan olan 750-dək kişi, qadın və uşaq olub. Onlardan yalnız 104-ü xilas edilib, 78 nəfərin cəsədi tapılıb. Yüzlərlə insanın sağ qalma şansı çox cüzidir.

    Hadisə ilə bağlı doqquz nəfər, o cümlədən balıqçı qayığının kapitanı həbs edilib. Aralıq dənizində baş verən bu dəhşətli faciə ilə bağlı Yunanıstanda üçgünlük matəm elan olunub.