Zaqatalada nəvənin bıçaqladığı baba xəstəxanada ölüb
21 yaşlı Ruslan İbrahimovun səhhətində psixi problemləri olduğu bildirilir
Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada ölüb.
Bu barədə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, ötən gün axşam saatlarında 77 yaşlı şəhər sakini Yaşar İbrahimov çoxsaylı bıçaq xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. O, ilkin müayinə və müalicələr edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq Y.İbrahimov gecə saatlarında aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qaydalara uyğun olaraq Y.İbrahimovun meyiti daha sonra Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə ailə-məişət zəminində baş verib. Babasını bıçaqlayan 21 yaşlı Ruslan İbrahimovun səhhətində psixi problemləri olduğu, müalicələr aldığı bildirilir.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.