Zaxarova Aİ-nın Ermənistandakı missiyasına dair od püskürdü
Rusiya XİN-in sözçüsü Qərbi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqda suçladı
Rusiya XİN-in rəsmi saytında nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistanın sərhədyanı rayonlarında Avropa İttifaqının mülki monitorinq missiyasının işə başlaması ilə bağlı rəsmi mövqeyi açıqlanıb.
Açıqlamada deyilir: " Yeni missiyanın müstəsna mülki xarakter daşıdığını vurğulayan Avropa İttifaqının nümayəndələri qeyri-səmimidirlər. Bu, Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində baş verir. Bu səbəbdən də buna uyğun yanaşılmalıdır. Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiqimiz Ermənistanda hər hansı bir vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə deyil ki, qeydə alırıq. Biz bu cəhdlərdə Zaqafqazyada münasibətlərin real normallaşması maraqlarından uzaq, müstəsna geosiyasi fon görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı ictimaiyyətdə səsləndirdiyi mənfi qiymətləndirmələrə məhəl qoyulmur.
Biz əminik ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər kompleksi yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır. Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, o cümlədən sülhün inkişafı üzrə danışıqlar müqavilə, bölgədəki vəziyyəti yaxşılaşdırmağın ən birbaşa yoludur. Rusiya Federasiyası buna hər cür töhfə verməyə hazırdır."