XƏBƏRLƏR / İctimaiyyət

Zemfira Meftahətdinova təqaüdə göndərilib

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib

Zemfira Meftahətdinova təqaüdə göndərilib
Zemfira Meftahətdinova
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi polis polkovniki Zemfira Meftahətdinova təqaüdə göndərilib.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı Z.Meftahətdinovanı qəbul edib.

    Yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, İdman Cəmiyyətinin rəisi kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.

    Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını Z.Meftahətdinovaya təqdim edib.

    Qeyd edək ki, Zemfira Əli qızı Meftahətdinova (28 may 1963, Bakı) 1986–1991-ci illərdə SSRİ yığmasının, 1991–2014-cü illərdə isə Azərbaycan yığmasının heyətində çıxış edən stend atıcısı, beynəlxalq dərəcəli SSRİ idman ustası (1986), Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (2017), Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi (2015-ci ildən), Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti (2021-ci ildən) və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentidir (2021-ci ildən). Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının qızıl medalına sahib olan Zemfira Meftahətdinova dörd il sonra, 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarının isə bürünc medalına sahib olub.

    Karyerası ərzində Zemfira Meftahətdinova Dünya və Avropa Çempionatlarında da dəfələrlə uğurlara imza atıb. Zemfira Meftahətdinova 1993, 1997 və 2003-cü illərdə stend atıcılığı üzrə Avropa Çempionatlarının qalibi olub. Komanda turnirlərində isə 1987 və 1990-cı illərdə turnirin qızıl medallarına sahib olub. Ümumi olaraq beş dəfə Avropa çempionu olan Zemfira Meftahətdinova 1995 və 2001-ci illərdə Dünya Çempionatlarının qalibi olub.