Zəngəzur dəhlizi Orta Dəhlizin şaxələnməsinə töhfə verəcək
Bunu energetika naziri Pərviz Şahbazov Çində keçirilən 3-cü Beynəlxalq Əməkdaşlıq üzrə “Bir kəmər, bir yol” Forumunda deyib
Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyə nail olmaq siyasəti işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına yol açır.
Bunu energetika naziri Pərviz Şahbazov Çində keçirilən 3-cü Beynəlxalq Əməkdaşlıq üzrə “Bir kəmər, bir yol” Forumu çərçivəsində keçirilən yüksək səviyyəli “Qarşılıqlı əlaqələr” tədbirində çıxışı zamanı deyib.
Şahbazov qeyd edib ki, Zəngəzur enerji nəqliyyat dəhlizinin açılışı öz növbəsində Orta Dəhlizin yeni qollarla şaxələndirilməsinə töhfə verəcək.
Nazir onu da vurğulayıb ki, “Bir kəmər, bir yol” layihəsi müdrik təşəbbüsdür və Avrasiyada geoiqtisadi mənzərənin transformasiyasında rolu hər gün artır. Onun sözlərinə görə, Azərbaycan ilk günlərdən bu təşəbbüsün həyata keçirilməsində fəal iştirak edib və hazırda məqsədlərindən biri Çindən Avropaya ən qısa marşrut kimi Orta Dəhlizi gücləndirmək olan strateji inkişaf kursuna sadiqdir.
Qeyd edək ki, Azərbaycan Çində keçirilən forumda qəbul edilmiş “Qarşılıqlı əlaqələr sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə Pekin təşəbbüsü”nə qoşulub.