15:04
İşğaldan azad olunan Zəngilan şəhərinə növbəti köç gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Zəngilan şəhəri bu gün 5 ailə olmaqla, 26 nəfərə qucaq açıb.
Növbəti köç karvanı ilə Zəngilan şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.
Qeyd edək ki, Zəngilan şəhərinin ilk yaşayış kompleksi tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış kompleksinin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib. Kompleksdə, ümumilikdə 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.
Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
***
13:53
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.

Açarların təqdimetmə mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu mərhələdə kəndə 107 ailənin (453 nəfər) daimi qayıdışı təmin olunub.
***
13:26
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.

Bu dəfə 107 ailə olmaqla 453 nəfər köçürülüb.
Qeyd edək ki, Şükürbəyli kəndinə köçürülən ailələr əsasən Bakı, Biləsuvar, Abşeron, Şirvan, Sumqayıt, Hacıqabul, Mingəçevir, Beyləqan, Tərtər və Füzuli rayonlarından olan sakinlərdir. Hazırda kəndə ümumilikdə 214 ailə – 915 nəfər köçürülüb. Qalan 421 evə isə qrafikə uyğun olaraq mayın 21-dək köçün davam etdirilməsi nəzərdə tutulur.
***
06:07
Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Zəngilan şəhərinə 5 ailə - 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə - 453 nəfər köçürülüb.

Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Zəngilan şəhəri - 261 nəfər (64 ailə)
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1066 nəfər (270 ailə)
Kolatağ - 120 nəfər (33 ailə)
Vəngli - 546 nəfər (139 ailə)
Aşağı Oratağ - 446 nəfər (96 ailə)
Çapar - 141 nəfər (39 ailə)
Heyvalı - 205 nəfər (46 ailə)
Çıldıran - 112 nəfər (28 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı rayonu
Xocalı - 631 nəfər (141 ailə)
Ballıca - 1034 nəfər (232 ailə)
Təzəbinə - 661 nəfər (149 ailə)
Xanyurdu - 470 nəfər (130 ailə)
Şuşakənd - 423 nəfər (111 ailə)
Badara - 325 nəfər (89 ailə)
Seyidbəyli - 254 nəfər (70 ailə)
Daşbulaq - 113 nəfər (27 ailə)Xanabad - 46 nəfər (10 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 1222 nəfər (300 ailə)
Şükürbəyli - 872 nəfər (204 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 1958 nəfər (536 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1129 nəfər (269 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Xocavənd - 908 nəfər (421 ailə)
Hadrut - 229 nəfər (56 ailə)
Qırmızı Bazar - 847 nəfər (201 ailə)
Sos - 360 nəfər (85 ailə)
Xanoba - 174 nəfər (38 ailə)
Xocavənd - 185 nəfər (69 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 680 nəfər (162 ailə)
Xankəndi
Xankəndi şəhəri - 162 nəfər (36 ailə)
Kərkicahan - 140 nəfər (35 ailə)
Cəmi: 32 726 nəfər
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 80 mindən çox insan yaşayır.
7 dəqiqə