XƏBƏRLƏR / Qonşular

Zurabişvili Gürcüstan prezidentinin iqamətgahını tərk etdi

“Mən iqamətgahı tərk edirəm və legitimliyi özümlə götürürəm"

Zurabişvili Gürcüstan prezidentinin iqamətgahını tərk etdi
Salome Zurabişvili
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Salome Zurabişvili Gürcüstan prezidentinin iqamətgahını - Orbeliani sarayını özü ilə legitimliyi götürdüyünü deyərək tərk etmək qərarına gəlib.

    Bu barədə "Sputnik Qruziya" xəbər yayıb. 

    Zurabişvilinin brifinqi ilə paralel olaraq dövlət başçısının parlament binasındakı iqamətgahında Gürcüstanın altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib.

    “Mən iqamətgahı tərk edirəm və legitimliyi özümlə götürürəm, orada heç bir legitimlik yoxdur, mən sizin yanınıza gələcəyəm və sizinlə olacağam”, - deyə Zurabişvili toplaşan tərəfdarları qarşısında keçirdiyi brifinqdə bildirib.

    Zurabişvilinin sözlərinə görə, bu gün onun hakim “Gürcü arzusu” partiyasına və onun təsisçisi, fəxri sədr Bidzina İvanişviliyə yeni parlament seçkilərinin vaxtının təyin edilməsi ilə bağlı verdiyi ultimatumun müddəti başa çatıb. “Buraya heç kim gəlmədi və mənə hədə-qorxu ilə cavab verdilər”, - Zurabişvili bildirib.

    Bir həftə əvvəl Zurabişvili hakim “Gürcü arzusu” partiyasına və onun fəxri sədri və təsisçisi Bidzina İvanişviliyə ultimatum göndərmiş,  o zaman Gürcüstanın hazırkı prezidenti “Gürcü arzusu”na yeni seçkilərin tarixini təyin etmək üçün bir həftə vaxt vermişdi.