2020-ci ilin noyabrından bu günə kimi 409 mina qurbanı olub
Bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 84 min hektardan çox ərazi minalar və partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə isə işğaldan azad olunan ərazilərdə bu günə kimi 228 min hektardan çox ərazi təmizlənib və 210 mindən çox mina və partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
"Təəssüflər olsun ki, dünən daha bir mina hadisəsi baş verdi, Ağdam rayonu ərazisində keçmiş təmas xəttinin keçdiyi ərazidə bir vətəndaşımız həlak oldu. Ümumilikdə 2020-ci ilin noyabr ayından bu günə kimi 409 mina qurbanı olub və onlardan 71 nəfəri həyatını itirib”, - deyə Vüqar Süleymanov əlavə edib.
Onun sözlərinə görə, ANAMA-nın fəaliyyət istiqamətlərindən biri də maarifləndirmə işlərinin davamlı olaraq aparılmasıdır: “Mütəmadi olaraq müxtəlif məkanlarda, müxtəlif auditoriyalarda maarifləndirmə işləri həyata keçirilir. Bu işlər həm agentlik tərəfindən, həm də əməkdaşlıq etdiyimiz qurumlarla birgə davamlı şəkildə aparılır".