BLOQ

Qatar əhvalatı və demokratik seçkilər

Birincisi, İsa peyğəmbəri səs çoxluğu ilə edam etdilər. İkincisi, Məhəmməd peyğəmbər (s.a.s) çoxluğa qarşı tək idi

Qatar əhvalatı və demokratik seçkilər
  • Oxuma müddəti:

    8 dəqiqə

  • O axşam ayaqlar əllərindən gələni edirdilər ki, bütün ağırlıqları və hoppanıb-düşən hərəkətləri ilə döşəməni əzişdirsinlər. Amma binanın binövrəsi elə inşa edilmişdi ki, bu məzəli rəqqaslar toplusu sərxoş yüngüllükləri ilə heç döşəmənin qranit səthinə ziyan vura bilmirdi, nəinki onun dəmir-beton konstruksiyasına. Ümumiyyətlə, qranitin təbiəti elə təşkil olunub ki, bu axşam onun üzərinə düşən və param-param lazımsız dənələrə parçalanan İranla Türkiyə istehsalı olan qablar, qədəh və fincanlar belə onun üzərində zərrə qədər də olsun cızıq izləri qoymurdular. Amma bu arxadakı taqqaturuq qabaqdan gələn gözəl musiqi sədalarından həzz almağa, problemli səs-küy yaratmağa, az da olsa, müvəffəq olurdu.

    Haqqında bəhs etdiyim bu gözəl musiqi mənim əziz dostum Habil Əliyevin kamançasının simləri vasitəsi ilə məclis iştirakçılarının hər birinə “elektrik enerjisi” paylayırdı. Bir müddət, evdən qaçaraq, ermənilərin əllərində qalan kamançanı “ev”ə qaytarandan sonra Habil müəllim xatakarın qulağını burub, simlərini çubuqla şillələyəndən sonra onun incə və həzin səsini bütün dünyaya çatdıran zəki Azərbaycanlı ustad oldu.

    Habil müəllim toylara gedən musiqiçilərdən deyildi, yalnız ən əziz dostlarının xeyir işlərində iştirak edərək dəyərli məclisi feyziyab edərdi. Həmin gün elə o məclislərdən idi… Azərbaycanın dörd şivəsində danışan simlər Habil ustadın əlində həyəcandan əsərək, toya yığışanların şux damarına oynayaraq toplumu şən və xoşbəxt edirdi. Hər şey çox mükəmməl idi… Ta ki zala qara kostyumlu bir gənc daxil olub, rəqs edən qonaqların arası ilə musiqiçilərin, daha doğrusu Habil müəllimin yanına çatıb onun qulağına hansısa məlumatı çatdırana qədər. Habil müəllim halının dəyişdiyini də yığışanlara kamançası vasitəsi ilə, qəmli bir koda ifa edərək çatdırdı. Musiqi dayandı. Rəqs edənlər narazı şəkildə yerlərinə qayıtmağa başladı. Heç nə anlamayan musiqiçilər ustadın başına toplaşdılar.

    Dostlarını tək qoymayan və hətta ağ səhnə kostyumunu dəyişməyə məqam tapmayan ansambl üzvlərinə Habil müəllim “qara xəbər”i artıq Ağdaş istiqamətində sürətlə hərəkət edən “RAF” markalı mikroavtobusda çatdırdı, onun yaxın qohumu təsadüf nəticəsində qatar altına düşərək həlak olub. Necə də dəhşətli ölümdür – qatar altında qalmaq…

    Son nöqtəyə çathaçatda, həmin dəmir yolunu müvəffəqiyyətlə keçəndən sonra mikroavtobus böyük bir palçıq çuxuruna düşür və ayaqları ilə pedalları “şillələməyinə” baxmayaraq avtomobili yerindən tərpədə bilməyən əlacsız sürücünün hörmətli sərnişinlərini maşını arxadan itələməyə xahiş etməkdən başqa əlacı qalmadı. Ağır maşını incə musiqiçi əlləri ilə itələmək asan iş deyildi, amma bundan da qəliz vəziyyətlərdən çıxmağa müvəffəq olan dostlar mikroavtobusu da yerindən oynatdılar. Bir neçə təkandan sonra dərin palçığa batmış arxa təkər çuxurdan vıyıltı ilə çıxaraq bütün qara palçığı musiqiçilərin üzərinə çırpdı – ağ kostyumlarının üstünə… Çuxurdan çıxan maşınının sürücüsü motoru söndürərək, sevincək mikroavtobusdan çıxdı ki, xilaskarlarına təşəkkür etsin və qarşısında palçığa bürünmüş musiqiçiləri görəndə dilsiz-ağızsız dayandı. Gecə cırcıramalarının qanadlarına sükut qondu. Gecənin qaranlığında, mikroavtobusun arxadan bic-bic baxan sırtıq qırmızı “stop”larının işığında Habil müəllim paklığını itirmiş ağ pencəyinin üzərindən palçıq lombalarını rədd etmək istəyərək:

    “Rəhmətliyin oğlu, görürsən qatar gəlir, çəkil qırağa da…” deyərək, başını və əllərini aşağı salıb maşına tərəf irəliləyir. 

    Bu əhvalatı yada salmağıma fevralda keçiriləcək Azərbaycanın növbədənkənar prezident seçkiləri səbəb oldu. Sosial şəbəkələrdən aldığım məlumata görə, bu seçkilərdə Prezident Əliyevə rəqib olaraq 6 və ya 7 nəfər Azərbaycan vətəndaşı öz namizədliyini irəli sürüb və hələ bir neçəsi də növbədədir…

    Bildiyimiz kimi, İlham Əliyev müharibəni udan Ali Baş Komandan və 30 il düşmən əsarəti altında qalan Azərbaycan torpaqlarını azad edən dövlət başçısıdır. Ona nailiyyətlərinə görə dünyanın əksər ölkələrində hörmət edir və rəğbət bəsləyirlər. Amma Azərbaycanda, bu yaxınlarda Prezident Əliyevin ardıcıl siyasəti nəticəsində Xankəndidə futbol oynayan millətin bəzi nümayəndələri və onların arxasında dayanan qüvvələr onun hakimiyyətindən narazıdır və bunun nəticəsi olaraq onu hətta hakimiyyətdə əvəz etmək, Prezident olmaq niyyətləri var? Bu azmış kimi, ölkəmizin ən azı 60 seçki dairəsi ərazisindən hər bir namizəd, onları dəstəkləyən 40 min seçici də aşkar ediblər ki, onlar da Azərbaycanın milli ideyasını həyata keçirən rəhbəri əvəz etmək istəyirlər. Doğrudanmı, bu 100 və ya 200 min Azərbaycanlı İlham Əliyevin yerinə hakimiyyətdə Zahid Oruc və ya Razi Nurullayevi görmək istəyir? İkinci cənabı şəxsən tanımasam da, Zahid bəy ölkəmizin Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri olaraq axı özünün və Prezident Əliyevin reytinqlərindən xəbəri olmalıdır. Bildiyimə görə, o, hər zaman ata və oğul Əliyevləri dəstəkləyib və inanıram ki bu dəfə də belə olacaq. Bəs onda bu cərəyan nədir? Demokratiya? Çoxluğun təntənəsi və qələbəsi? Birincisi, İsa peyğəmbəri səs çoxluğu ilə edam etdilər. İkincisi, Məhəmməd peyğəmbər (s.a.s) tək idi çoxluğa qarşı və nəticə hamıya bəllidir. Üçüncüsü, bəyəm hörmətli rəqiblər bilmir çoxluq kimi seçəcək? O ki qaldı çoxluğa, çoxluq heç bir zaman rəhbərlik etməyib - əksinə, azlıq çoxluğa rəhbərlik edir!

    Məncə, yeni siyasi texnoloqlar keçmişdə qalanların yolu ilə getməməlidirlər. Biz hamımız anlamalıyıq ki, 2020-ci ilin 44 günlük və 2023-cü ilin 23 saatlıq müharibəsindən sonra ölkəmiz dəyişib və bu gün heç nə olmamış kimi köhnə “demokratik” çuxurla seçkilərə qədəm basmaq nə qədər yenilənmiş Azərbaycana uyğundur? Respublikamıza bu gün yeni ideologiya və müasir demokratik yol lazımdır və bu yol əski demokratiyaların xoşuna gəlmək üçün deyil, Azərbaycanlıların fundamental ehtiyaclarını təmin edən yol olmalıdır.

    O ki qaldı Prezidentliyə namizədliyini irəli sürən cənablara, onlara Habil müəllimin sözünü bir daha çatdırmaq istərdim: “Rəhmətliyin oğlu, görürsən qatar gəlir, çəkil qırağa da…”.