Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu İstanbulda keçirilən Multimodal Nəqliyyat və Logistika Forumunda çıxışı zamanı deyib:
◼️ Zəngəzur dəhlizi ilə bağlı yeni imkanlar açılıb.
◼️ Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə arasında dəmir yolu və avtomobil əlaqəsini təmin edəcək və onun həyata keçirilməsi türk ölkələrini birləşdirəcək mühüm addım olacaq.
◼️ Zəngəzur dəhlizindən regionun bütün ölkələri istifadə edə biləcək. Türkiyə bu layihəni ən qısa zamanda həyata keçirmək üçün Azərbaycanla sıx əməkdaşlıq edir.
Bu imkanlar Azərbaycanın İkinci Qarabağ savaşından sonra torpaqların azad edilməsi və dağılmış infrastrukturun bərpasını nəzərdə tutur. Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə arasında dəmir yol əlaqəsini bərpa edəcək, türk ölkələrini birləşdirəcək mühüm addım olacağını qeyd edib.
Bu məqam da maraqlıdır. Zəngəzur dəhlizinin önəmi ondan ibarətdir ki, Mərkəzi Asiya dövlətlərinin, Azərbaycan üzərindən keçməklə, ən qısa yolla Türkiyənin Mersin limanına çıxışı təmin olunacaq. Həmçinin regionun bütün ölkələrinin istifadə edə biləcəyi bu layihənin ən qısa zamanda həyata keçirilməsi üçün Türkiyə Azərbaycanla sıx əməkdaşlıq edir. Bu məqamda da onu qeyd etmək istəyərdim ki, Azərbaycanda tikinti-quraşdırma işlərində türk şirkətləri aktiv iştirak edir, Türkiyənin ərazisində avtomobil yollarının tikintisi bitib. Amma dəmir yol seqmenti üzrə 223 km-lik Qars-Dilucu-Sədərək dəmiryolunun tikintisinin hələ ki, layihələndirmə mərhələsi bitib, tikinti mərhələsinə başlayacaqlar.
Zəngəzur dəhlizində maraqlı və maraqlı olmayan dövlətlər var. Bilirik ki, Rusiya Ermənistan ərazisindəki sərhədləri - Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərinə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin tabeliyində olan sərhəd qoşunları nəzarət edir və həmin ərazi də Rusiya sərhədçilərinin nəzarət edəcəyi üçtərəfli bəyanatda qeyd olunub.
Azərbaycan bölgə ölkələrinin hamısının iştirakını təmin etmək üçün bu hissəyə dublyor olaraq İran ərazisindən dəmir yolu və avtomobil yolunun keçməsini razılaşdırmışdı. Və keçən ilin mart ayında İran tərəfi ilə Azərbaycan arasında memorandum imzalanmışdı. Keçən ilin sentyabr ayında isə Ağbənddə avtomobil körpüsünün təməli də atılmışdı. Sonradan vəziyyətin gərginləşməsi fonunda o işlər dayanmışdı. Amma son günlər müşahidə edirik ki, bu mənada İran tərəfi yenə aktivləşib. Ümid edirik ki, bu infrastruktur daha sürətli tikiləcək və hərəkət imkanı yaradacaq.
Ümumi olaraq bölgəmizdə dəhlizlər üzrə hərəkətlilik və rəqabət var. Şimal marşrutu - Rusiya ərazisindən keçən marşrutda bir tərəfdən sanksiyalardan dolayı yüklərin azalması müşahidə olunur, digər tərəfdən keçən ay ərzində Baykal-Amur magistralında bir kanalın qəzası nəticəsində yolun müəyyən hissəsinin yuyulması müşahidə olunmuşdu.
Digət marşrutlardan biri İran ərazindən keçir. İran 44 ildir sanksiya altındadır, lazımi investisiya qoyulmur. Bu isə sürədə özünü göstərir. Həmçinin Türkmənistanın qapalı ölkə olması, sərhəd-keçid məntəqəsində ləngimələr də maneə yaradır.
Ümumi götürdükdə, orta dəhliz Qazaxıstan-Azərbaycan-Gürcüstan, Bakı-Tiflis-Qars istiqamətində Türkiyənin həm limanları, həm də quru ilə Avropaya keçidi hər gələn gün daha da aktiv önəm qazanır.
Bundan başqa, Mərkəzi Asiyadan Çin-Qızğısıztan-Özbəkistan dəmir yolunin tikintisi artıq başlayıb. Bu da Özbəkistandan sonra Türkmənbaşı limanı və Azərbaycan istiqamətində yeni bir yük axınının gəlməsi ilə nəticələnəcək və bu mənada da Zəngəzur dəhlizinin önəmi birə-beş artır, çünki mövcüd dəhlizlər çərçivəsində şaxələndirmə mütləqdir. Bir istiqamətdə tıxanma, yaxud hər hansı qəza olarsa, digər istiqamətə yönləndirmək üçün bu vacibdir. Bu baxımdan Azərbaycan vacib işlər görür. Hal-hazırda Horadiz-Ağbənd 110 km-lik dəmir yolunun 60 km-i artıq inşa olunub və gələn il bitirilməsi nəzərdə tutulub.