Abdullahian və Hakan Fidan arasında telefon danışığı olub
Bu barədə məlumatı İran və Türkiyə xarici işlər nazirlikləri yayıb
İran və Türkiyənin xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Hakan Fidan arasında telefon danışığı olub.
İranın xarici işlər naziri bildirib ki, region ölkələrinin təhlükəsizliyi bir-birinə bağlıdır.
O qeyd edib ki, terror qruplaşmalarına qarşı birgə və qəti mübarizə regionun bütün ölkələrinin ümumi məsuliyyətidir.
Abdullahian həmçinin bildirib ki, İran prezidenti İbrahim Rəisinin yaxın vaxtlarda Ankaraya səfəri regional təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayacaq.
“Biz dost və qardaş İran, İraq və Pakistanı təmkin və tədbirlilik nümayiş etdirərək sakitliyi təmin etməyə çağırırıq”, - Türkiyə Xarici İşlər Naziri Hakan Fidan bildirib.
Türkiyənin xarici işlər naziri ölkəsinin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasının keçirilməsi məqsədi ilə yaxın gələcəkdə İran prezidenti İbrahim Rəisini qəbul etməyə hazır olduğunu vurğulayıb.