ABŞ İranı siyasi məhbusları azad etməyə çağırıb
Bunu Dövlət Departamenti sözçüsünün müavini Vedant Patel elan edib
Dövlət Departamenti cümə axşamı İranı siyasi məhbuslarla pis rəftarda ittiham edib, Turan-ın Vaşinqtondakı müxbiri xəbər verir.
Dövlət Departamentinin sözçüsü müavini Vedant Patel gündəlik brifinqdə deyib: "İranın siyasi məhbuslara qarşı sərt rəftarı insanları qorxutmaq və müxalifəti boğmaq məqsədi daşıyır və bu, İran hakimiyyətinin öz xalqından nə qədər qorxduğunun göstəricisidir".
Patelin şərhi İran hakimiyyətinin məşhur hip-hop ifaçısı Toumaj Salehiyə işgəncə verməsi və onun təcili tibbi yardıma ehtiyacı olması ilə bağlı xəbərlərə cavabdır.
"İran rejimi tərəfindən Tumaca qarşı rəftar, təəssüf ki, insan haqları pozuntularının uzun cərgəsindəki faktlardan yalnız biridir", - Patel əlavə edib.
"Biz İran rəhbərliyini Tumacı və bütün digər siyasi məhbusları dərhal azad etməyə və ona lazımi tibbi yardım göstərməyə çağırırıq", - Patel bildirib.