ABŞ və Türkiyə Bakı və İrəvan arasında sülhə dəstək verəcək
Ceyk Sallivan çərşənbə axşamı Türkiyə prezidentinin baş müşaviri İbrahim Kalını qəbul edib
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan çərşənbə axşamı türkiyəli həmkarı Türkiyə prezidentinin baş müşaviri İbrahim Kalını qəbul edib, xəbəri Turan-ın Amerikadakı müxbiri verib.
Tərəflərin müzakirə etdiyi çox sayda mövzu arasında "Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarına dəstək, habelə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq" da olub, bu barədə Ağ Evin görüş haqqında hesabatında deyilir.
"Sallivan Türkiyədə zəlzələlər nəticəsində faciəli insan itkiləri ilə əlaqədar bir daha başsağlığı verib və ABŞ-ın Türkiyə xalqına və onun davam edən bərpa səylərinə dəstəyini təsdiq edib", deyə məlumatda bildirilir.
"Onlar regional və qlobal hadisələr haqqında, o cümlədən Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü ilə bağlı ümumi narahatlıqları və Türkiyənin Qara Dəniz taxıl təşəbbüsünün bərpası üzrə səyləri haqqında danışıblar".
Sallivan həmçinin Birləşmiş Ştatların İsveç və Finlandiyanın mümkün qədər tez NATO üzvü olmalı olduğu haqqında fikrini vurğulayıb.
Kalın həmçinin ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb, onunla Türkiyənin zəlzələdən sonra bərpa səylərinə dəstək, həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil olması və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, bu barədə Nuland öz Twitter səhifəsində yazıb.