XƏBƏRLƏR / Münaqişə

ABŞ-İran savaşında nələr baş verir?

YENİLƏNİB

ABŞ-İran savaşında nələr baş verir?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 11:35

    İran Ordusu “İldırım” əməliyyatı çərçivəsində həyata keçirilən hücumlar zamanı ABŞ-ın Küveytdəki Əl-Ədiri düşərgəsində yerləşən sursat anbarları, eləcə də Əli əs-Səlim aviabazasındakı “Patriot” hava hücumundan müdafiə sisteminin radarı və hava müşahidə radarı hədəfə alınıb.

    Bu barədə "Mehr" İran Ordusuna istinadən məlumat yayıb.

    Qeyd edilib ki, İran sərhədindən 104 kilometr məsafədə yerləşən Əl-Ədiri düşərgəsi ABŞ qüvvələri üçün əsas təminat və döyüş hazırlığının yenidən təşkili mərkəzlərindən biri hesab olunur. Bildirilib ki, bu bazanın fəaliyyətinin pozulması ABŞ-ın regiondakı logistika əməliyyatlarına ciddi təsir göstərə bilər. Nəzərə çatdırılıb ki, ABŞ hərbi qulluqçularının Qərbi Asiyaya daxil olduğu əsas məntəqələrdən biri və hava nəqliyyatı üzrə mühüm qovşaq hesab edilən Əli əs-Səlim aviabazası ABŞ-ın hərbi və logistika strategiyasında mərkəzi rol oynayır.

    ***

    09:33

    ABŞ ordusu İran ərazisinə növbəti hücum dalğasını başa çatdırıb.

    Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

    CENTCOM-un X səhifəsindəki paylaşımında deyilir: "Mərkəzi Komandanlıq İrana qarşı daha bir zərbə endirdi. Ardıcıl səkkizinci gecə ərzində CENTCOM qüvvələri İranın sahil müşahidə və hava hücumundan müdafiə qurğularına, dəniz aktivlərinə, raket və pilotsuz təyyarələrin saxlanıldığı obyektlərə zərbələr endirdi".

    Komandanlıq qeyd edib ki, iyulun 17-də İordaniyada Amerika hərbçilərinə hücum edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri də zərbələrə məruz qalıb.

    İranın İordaniyanın şərqindəki ABŞ bazasına endirdiyi zərbə nəticəsində "Black Hawk" helikopterlərinə ciddi ziyan dəyib.

    Bu barədə "The New York Times" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

    Nəşrin məlumatına görə, İran Yaxın Şərqdəki ABŞ hədəflərinə ciddi ziyan vurur. Amerika helikopterlərinin yerləşdiyi bazaya edilən hücum nəticəsində onlarla hərbçi də yaralanıb.

    Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İordaniyada İranın raket və pilotsuz təyyarə hücumunu dəf edərkən iki amerikalı hərbçinin öldüyünü, daha birinin isə itkin düşdüyünü bildirmişdi.