XƏBƏRLƏR / Münaqişə

ABŞ-İsrail-İran müharibəsində ölü sayı nə qədərdir?

ABŞ-İsrail-İran atəşkəsə əməl edir?

ABŞ-İsrail-İran müharibəsində ölü sayı nə qədərdir?
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Artıq 40 gündür davam edən "Şir nərəsi" əməliyyatı ərzində azı 42 İsrail əsgəri və sakini həlak olub.

    Bu barədə "Ynet" portalı yazıb.

    "İran və Livandan buraxılan minlərlə raket və dron İsrailə ciddi ziyan vurub, 22 nəfər birbaşa zərbələrdən həlak olub, 12 əsgər döyüşlərdə həlak olub, bir mülki şəxs "dost atəşi"ndən həlak olub və 7 nəfər bədbəxt hadisələr və ya tibbi fövqəladə hallar nəticəsində həlak olub", - xəbər resursu qeyd edib.

    Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

    İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

    İsrail isə mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək bu ölkəyə zərbələr endirib. Nəticədə 254 nəfər həlak olub. Daha sonra İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf bəyan edib ki, Livanda atəşkəsin əldə olunması planın birinci şərti idi.

    ***
    Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası bildirib ki, ABŞ-İsrail hücumları nəticəsində İranda indiyə qədər ən azı 1900 nəfər ölüb, 20 000 nəfər yaralanıb.

    ***

    “Əl-Məyadin” qəzetinin məlumatına görə, İsrail ordusu gecə ərzində Livanın müxtəlif bölgələrinə 20-dən çox hava zərbəsi endirib.

    Hücumların hədəfləri arasında Beyrutun Dahiya məhəlləsi və Litani çayı üzərindəki Əl-Qəsəmiyyə körpüsü də var.

    Məlumata görə, dünənki hücumlar nəticəsində 254 nəfər həlak olub, 1165 nəfər yaralanıb.

    ***

    Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edildikdən sonra Yaxın Şərq bölgəsindəki hadisələri diqqətlə izləyir.

    Bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib.

    Qeyd olunub ki, BƏƏ İranın bölgədəki bütün hərbi əməliyyatların dərhal dayandırılması və Hörmüz boğazının tam və qeyd-şərtsiz yenidən açılmasına dair tam öhdəliyini təmin etmək üçün sazişin müddəaları ilə bağlı əlavə aydınlıq gətirilməsini istəyir.

    Açıqlamada vurğulanır ki, fevralın 28-dən bəri İran BƏƏ-yə 2819 raket və dron atıb ki, bu da insan itkisi və maddi ziyana səbəb olub.

    "İranın nüvə imkanları, ballistik raketləri, dronları, hərbi imkanları və əlaqəli proksi və terrorçu qrupları da daxil olmaqla, bütün təhdidlərini aradan qaldıran, eyni zamanda Hörmüz boğazında naviqasiya azadlığına təhdidlərə, eləcə də iqtisadi müharibəyə və piratçılığa son qoyan hərtərəfli və davamlı bir yanaşmaya ehtiyac var. Bölgədəki bütün ölkələr üçün davamlı sülhə nail olmağa ümid edirik", - açıqlamada qeyd olunur.

    BƏƏ bu müharibənin tərəfi olmadığını və onun alovlanmasının qarşısını almaq üçün intensiv diplomatik səylər göstərdiyini bir daha təsdiqləyib.