XƏBƏRLƏR / Münaqişə

Ağadadaş Ağayev balta ilə klinikanın xadiməsini yaralayıb

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir YENİLƏNİR

Ağadadaş Ağayev balta ilə klinikanın xadiməsini yaralayıb
Ağadadaş Ağayev
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:00

    Xalq artisti Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin görüntüləri yayılıb.

    Ağadadaş Ağayev balta atır, sonra özü də döyülür. Hadisə "Medera" klinikasının mühafizəçisinə hücumla başlayıb.

    DİN-in Mətbuat xidmətindən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.

    N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

    ***

    12:20

    Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

    Hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib. Xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

    Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pisləşdiyini, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.

    Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

    Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

    Məlumata görə, gün ərzində Xalq artisti ifadəsi alınması üçün polis orqanına dəvət olunacaq.

    Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.

    ***

    11:12

    Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib.

    Hadisə Binəqədi rayonu ərazisində baş verib.

    Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.