Hazırda beynəlxalq münasibətlər sahəsində Çin ətrafında gedən müzakirələrdə daha çox ABŞ-Çin rəqabəti və Rusiya-Çin əməkdaşlığı mövzuları diqqət mərkəzindədir. Lakin Aİ-Çin münasibətləri də öz əhəmiyyətinə görə ilk iki istiqamətdən geri qalmır və hətta gələcəkdə Vaşinqton-Pekin, Moskva-Pekin əlaqələri üçün müəyyənedici amillərdən biri kimi çıxış edir.
Aİ-Çin münasibətləri özünəməxsus dinamikaya və xüsusiyyətlərə malikdir. Bəzi akademik dairələrdə bu münasibətlər yeni çoxqütblü dünya nizamının formalaşdırılması üçün sınaq prosesi kimi səciyyələndirilir. Belə ki, Brüssel və Pekin arasındakı qarşılıqlı əlaqələrin ideoloji bazasını məhz hər iki tərəfin özünü çoxqütblü dünyanın fərqli mərkəzləri kimi qələmə verməsi təşkil edir.
Rəqəmlər nə deyir?
Çin ABŞ-dan sonra Aİ-nin ikinci ən böyük ticarət tərəfdaşıdır. Pandemiya və regional münaqişələr səbəbindən dünya ticarətindəki yavaşlamaya baxmayaraq, son 10 ildə (2013-2023) Aİ ilə Çin arasındakı ticarət dövriyyəsi demək olar ki, iki dəfə - 373 milyard avrodan 738 milyard avroyadək artıb. Özü də bu ticarətdə balans Şərq ölkəsinin xeyrinə dəyişib.
Belə ki, Aİ-nin Çinlə ticarət kəsiri 3 dəfəyə yaxın (104 milyarddan 291 milyardadək) çoxalıb. Ötən ilin yekunlarına əsasən, Çin Aİ üçün ən böyük tədarükçü və Avropa mallarının üçüncü ən böyük alıcısı olub. Çin Aİ-nin idxalında 20.5%, ixracatında isə 8.8%-lik paya sahibdir.
Bərabərtərfli üçbucaq formulu
2019-cu ildə Aİ tərəfindən Çinə münasibətdə yeni yanaşma irəli sürülüb. Brüssel Pekinlə əlaqələrini üç əsas bənd üzrə inkişaf etdirməyə başlayıb:
- Dialoq üzrə əməkdaşlıq;
- İqtisadi rəqabət;
- Sistemlərarası qarşıdurma.
Avropalı rəsmilərinin bərabərtərfli üçbucaq formulu kimi təqdim etdiyi bu yanaşma onu göstərir ki, Aİ-Çin münasibətlərində həm iş birliyi, həm də fikir ayrılıqları mövcuddur.
Dialoq üzrə əməkdaşlıq prinsipinə əsasən, Aİ müəyyən sahələrdə Çini hələ də öz tərəfdaşı kimi qəbul edir. Bu, ilk növbədə ekologiya siyasəti, yaşıl enerjiyə keçid, qlobal iqlim məsələləri kimi mövzulardır. Qeyd edilən sahələrdə Brüssel və Pekin arasındakı qarşılıqlı əlaqalər və əməkdaşlıq inkişaf edir, Aİ və Çin bir-birini yaşıl gündəliyə sadiq tərəflər kimi nəzərdən keçirirlər. Təsadüfi deyil ki, həm avropalı, həm də çinli rəsmilər Aİ-Çin əməkdaşlığının rənginin yaşıl olduğunu bəyan edirlər. Bununla yanaşı, tərəflər terrorizmə qarşı mübarizə, qanunsuz miqrasiyaya qarşı tədbirlər üzrə də birgə səylər göstərirlər.
Aİ və Çin arasında iqtisadi rəqabət tədricən artır. Bu, ilk olaraq tərəflər arasındakı iqtisadi güc və ticarət balansının dəyişməsilə bağlıdır. Avrozona ilə müqayisədə yeni minillikdəki qlobal iqtisadi təlatümlərdən daha az zərər görən Çin əvvəlcə bir sıra Şərqi və Mərkəzi Avropa ölkələri üçün industrial donor olaraq çıxış etməyə başladı. Pekinin 2020-2025-ci illəri əhatə edən “Made in China” proqramı isə ölkənın sənaye və innovativ inkişafını daha yüksək mərhələyə qaldırdı, yeni bazarlara çıxış imkanlarını xeyli genişləndirdi. Hazırda Çin müəyyən iqtisadi və elmi-texniki sahələrdə Aİ ilə rəqbət aparmaq gücündədir. Beləliklə də, Brüssel Pekinlə əlaqələrdə artıq işgüzar təşəbbüsü əldən verir. Günümüzdə Çin Avropa ölkələrində daha əlverişli yatırım mühitindən istifadə edir, qarşılıqlı investisiyalar haqda sazişi isə hələ də razılaşdırmaq mümkün olmayıb.
Siyasi müstəvidə ötən onilliyin ortalarınadək Aİ və Çin yeni çoxqütblü dünya nizamının qurulmasında gələcək mərkəzlər olaraq, daha çox bu istiqamətdəki əməkdaşlığı önə çəkirdilər. Lakin geosiyasi mübarizənin kəskinləşməsi fonunda artıq gələcək nizamın necə olacağı ətrafında fikir ayrılıqları artmağa başladı. Hazırda rəsmi Brüsselin dünyanın gələcəyi ilə bağlı baxışlarının daha çox ABŞ-ın mövqeyi ilə üst-üstə düşdüyü məlumdur. Hərçənd, bunu Fransa kimi bir sıra Avropa ölkələrinə şamil etmək olmaz. Çinə gəlincə, rəsmi Pekinin bu məsələdə Moskva ilə nisbətən yaxın yanaşmaya malik olması göz önündədir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi