BLOQ

Aİ-Çin münasibətləri: Əməkdaşlıq, rəqabət, yoxsa qarşıdurma?

II hissə

Aİ-Çin münasibətləri: Əməkdaşlıq, rəqabət, yoxsa qarşıdurma?
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Mayın əvvəllərində Aİ-Çin münasibətlərində əlamətdar hadisə baş verib. Çin sədri Si Cinpin Avropa turu çərçivəsində Fransa, Macarıstan və Serbiyaya səfər edib. Tədbirlər proqramının kifayət qədər geniş olması ilə yadda qalan bu səfər beş illik fasilədən sonra baş tutub. Bu illər ərzində isə tərəflər arasındakı ayırıcı xətlər daha da dərinləşib. Həmin xətləri aşağıdakı kimi təsvir etmək olar:

    - Qərb və qeyri-Qərb. Burada tərəflər hələ də ikiqütblü dünya nizamı paradiqmasından çıxış edirlər. Aİ və Çinin Ukrayna münaqişəsinə dair mövqelərinə nəzər saldıqda, bu ayırıcı xətt daha aydın görünür. ABŞ və Aİ Çini Rusiya ilə əməkdaşlıqdan çəkinməyə çağırır. Lakin buna baxmayaraq, Pekinlə Moskva arasındakı işbirliyi getdikcə daha da dərinləşir. Belə şəraitdə Qərb və qeyri-Qərb arasındakı məsafə artır, Çin Rusiya ilə birgə mövcud dünya nizamını dəyişməkdə daha çox ittiham edilir ki, bu da Aİ ilə Çin arasında yeni siyasi-iqtisadi razılaşmaları mümkünsüz edir.

    - Aİ qurumları və üzv ölkələr. İlk xətt əsasən Aİ tərəfindən qabardılırsa, ikinci xətt başlıca olaraq Çin tərəfindən formalaşdırılır. Pekin Aİ-nin ümumi institutlarında qeyri-Qərb ölkələrinə qarşı ayırıcı münasibəti sezdiyi üçün bu təsisatlarla əlaqələrini xeyli azaldıb. Çin Avropa ilə münasibətlərdə yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru hərəkəti seçib. Belə ki, hazırda Şərq nəhəngi birbaşa Brüssellə deyil, Paris və Budapeşt kimi Avropanın digər paytaxtları ilə əlaqələrə üstünlük verir. Əlbəttə ki, Macarıstanın, hətta Fransanın belə Aİ-nin “risklərin azaldılması” kimi ümumi yanaşmasını dəyişəcəyi real deyil. Amma Çin ümid edir ki, onun bir sıra Avropa ölkələrilə əlaqələri strateji xarakter alarsa, həmin ölkələr bu əlaqələri ümumavropa həmrəyliyinə qurban verməyəcəklər.

    Qərbin Çin dilemması

    ABŞ Çinlə münasibətlərdə “ayırma” (de-coupling) prinsipini irəli sürərək Pekini bütün fəaliyyət sahələri üzrə uzunmüddətli rəqib kimi görür. Aİ isə Çinlə əlaqələrini “risklərin azaldılması” (de-risking) konsepsiyası üzərində qurur. Brüssel Pekinlə mümkün sahələrdə qarşılıqlı əməkdaşlığı davam etdirməyə, bu əməkdaşlığı özü üçün daha təhlükəsiz etməyə, itkilərə məruz qalmadan mövcud işbirliyindən faydalanmağa çalışır. Çinlə bağlı fərqli yanaşmalar Aİ-yə üzv ölkələr arasında da özünü göstərir. Avropa dövlətlələrinin bir qismi Pekinlə münasibətlərdə məsafə saxlamağın tərəfdarı olsalar da, digər bir qismi əksinə, əməkdaşlığı daha da genişləndirməyin lehinədir.

    Aİ-nin hədəfləri, Çinin məqsədləri

    Aİ Çinlə münasibətlərdə ilk növbədə iqtisadi dividendlər əldə etməyi hədəfləyir. Həmçinin, Brüssel qlobal iqlim dəyişikliyi şəraitində ekoloji gündəm, eləcə də elmi-texnoloji inkişaf məsələlərində Çinlə əlaqələrdən faydalanmağa çalışır.

    Çin üçün Aİ-nin öz strateji subyektliyini artırması çox vacibdir. Pekin Aİ-nin tam şəkildə ABŞ-ın təsiri altına düşməsini istəmir, Qərb düşərgəsində daxili ziddiyyətlərin və Çinlə əməkdaşlıq meyillərinin saxlanmasına çalışır. Belə ki, Şərq ölkəsinin sonrakı inkişafı üçün açıq Avropa bazarı, investisiya imkanları, Aİ-nin daha üstün elmi-texnoloji bazasından yararlanmaq imkanı vacibdir.

    Səfərin nəticələri

    Çin liderinin Avropaya səfəri, ilk olaraq Pekinin regiona böyük marağının göstəricisidir. Düzdür, bu səfərin ciddi qlobal nəticələrə səbəb olması mümkünsüz olsa da, o, Aİ-Çin münasibətlərində daha aktual elementləri və prioritetləri müəyyənləşdirmək üçün önəmli idi.

    Çin sədrinin Paris, Belqrad və Budapeştdəki görüşləri bir daha təsdiq etdi ki,
    Pekin Aİ ilə strateji dialoq əvəzinə, hələ də kompromisə hazır olan ayrı-ayrı Avropa ölkələrilə əlaqələri tərcih edir.

    Həmçinin, Si-Cinpinin Avropa turu Qərb və Aİ daxilindəki ziddiyyətləri bir daha üzə çıxardı, Aİ ilə Çin arasında əməkdaşlıq tendesiyalarının hələ də saxlanmasını təsdiqlədi. Bununla yanaşı, səfər ayırıcı xətlərin olduğu kimi qalmasını və onları aşmaq üçün tərəflərdən heç birinin ciddi təşəbbüs göstərməməsini nümayiş etdirdi.

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi