BLOQ

Aİ-Ermənistan-ABŞ görüşü: Azərbaycan niyə narazıdır?

Brüssel görüşündə Qərbin İrəvana öz dəstəyini bir daha bəyan etməsi gözlənilir

Aİ-Ermənistan-ABŞ görüşü: Azərbaycan niyə narazıdır?
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Məlum olduğu kimi, aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək görüşünün keçirilməsi planlaşdırılır. Qarşıdangələn üçtərəfli danışıqların detalları, imzalanacaq sənədlər hələ ki, açıqlanmayıb. Lakin iştirakçıların tərkibi (Paşinyan, fon der Lyayen və Blinken) görüşün əsas nəticəsinin Ermənistana siyasi, maliyyə və hərbi dəstəyin artırılması olacağını öncədən təxmin etməyə imkan verir.

    Brüssel görüşündə Qərbin İrəvana və xüsusilə Paşinyan hökumətinə öz dəstəyini bir daha bəyan etməsi gözlənilir. Avropadan Ermənistan hökumətinə növbəti, daha irimiqyaslı maliyyə yardımı və sərmayə paketinin ayrılması ehtimalı mövcuddur. Həmçinin, görüşün nəticəsi olaraq Avropa Sülh Fondu kimi təsisatların xəttilə İrəvana hərbi dəstəyin gücləndirilməsi mümkündür. Hətta tərəflər arasında hər hansı bir formada hərbi paktın imzalanması bəyan edilməsə də, dəstəyin məzmunu əksini deyir.

    Azərbaycanda belə bir görüşün keçiriləcəyi barədə xəbərlər heç də müsbət reaksiya ilə qarşılanmayıb. Belə ki, rəsmi Bakının əsaslı olaraq narazı qaldığı bir sıra məqamlar var.

    İlk növbədə, qeyd edək ki, Ermənistanın hələ də KTMT üzvü olaraq qaldığı, Rusiya ilə ikitərəfli hərbi-siyasi müttəfiqliyə malik olduğu, ölkə ərazisində Rusiya hərbi bazası və məntəqələrinin yerləşdiyi bir şəraitdə İrəvan Moskva ilə paralel olaraq, Qərblə də hərbi-siyasi müttəfiqliyi formalaşdırmağa çalışır. Qərb isə öz növbəsində Ermənistana regionun müstəsna dövləti kimi yanaşır və İrəvana birbaşa təhlükəsizlik təminatları verməklə indiyədək görünməmiş bir presedent yarada bilər. Nəzərə almaq lazımdır ki, istənilən belə razılaşma, digər məqamlarla yanaşı, həm də qarşılıqlı öhdəliklərdən ibarətdir. Ermənistan nümanəsində isə məhz bu öhdəliklər özündə ziddiyyətlər daşıyır. Odur ki, İrəvan, Vaşinqton və Brüssel arasında gözlənilən hərbi anlaşma öz formasından asılı olmayaraq Ermənistan uğrunda Rusiya-Qərb-İran mübarizəsini kəskinləşdirəcək və regionun bütün dövlətləri üçün yeni təhülkəsizlik təhdidləri yaradacaq.

    Bununla yanaşı, Ermənistan artıq xeyli müddətdir ki, Azərbaycanın ədalətli şərtlərilə sülh sazişini imzalamaqdan boyun qaçırır. İrəvanla bərabər, onun Qərbdəki himayədarları da ötən üç il yarım ərzində sülh prosesinə ciddi zərbələr vurub və bu istiqamətdəki fəaliyyətlərini hələ də davam etdirirlər. Azərbaycan öz xoş məramını nümayiş etdirərək Aİ və ABŞ-ın tərəflər arasındakı vasitəçilik təkliflərini qəbul edib, Brüssellə Vaşinqtonun sülh prosesində iştirakına şərait yaradıb. Lakin Qərb Azərbaycanın maraqlarına tamamilə laqeyd qalmaqla erməni mərkəzli yanaşma nümayiş etdirərək özünün vasitəçilik imkanlarını məhdudlaşdırıb. Aİ və ABŞ Qarabağda “Kosovo ssenarisi” tətbiq etməyə çalışsa da, rəsmi Bakı ardıcıl addımları ilə bu planların həyata keçməsinə əngəl olmağı bacarıb. İndi isə Qərb sülh sazişinin yoxluğu şəraitində Ermənistana xüsusilə hərbi dəstəyi gücləndirmək niyyətindədir ki, bu da bölgədə qeyri-sabitliyi artıracaq.

    Bakının daha bir narazılığı Qərbin qərəzli mövqeyilə bağlıdır. Belə ki, son 25 il ərzində Azərbaycan istər Aİ, istərsə də ABŞ ilə əməkdaşlıq edib, regionda Qərblə tərəfdaşlığın əsas məzmunu məhz Bakı və Tbilisi tərəfindən formalaşdırılıb. Vaşinqtonla Brüssel bu illər ərzində Ermənistanın işğalçı siyasətinə siyasi qiymət verməyib.

    İndi isə Qərb 20% ərazisi xarabalığa çevrilmiş Azərbaycana yardım göstərmədiyi halda Bakı ilə ikitərəfli münasibətləri Ermənistanla sülh müqaviləsi ilə əlaqələndirməyə cəhd edir. Bu azmış kimi, hazırda Qərb mətbuatında məhz Azərbaycan “aqressiv ölkə” kimi təqdim edilərək ölkəmizə qarşı qara təbliğat kampaniyası aparılır və əslində Rusiyanın Ermənistandakı təsirinin zəiflədilməsi üçün atılan bütün addımlar “Azərbaycanın mümkün təcavüzü” bəhanəsi ilə izah edilir.

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi