Almaniya Ermənistan və Azərbaycan ərazi bütövlüyünə sadiqdir
Hökumətinin rəsmi nümayəndəsinin müavini Volfqanq Buxner dəqiqləşdirməyə məcbur olub
“Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə sadiqdir”
Berlin dəqiqləşdirməyə məcbur olub.
Almaniya hökumətinin rəsmi nümayəndəsinin müavini Volfqanq Buxner Berlinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı rəsmi mövqeyini şərh edib.
Xatırladaq ki, bir gün əvvəl, martın 2-də Almaniyaya səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanla görüş zamanı Almaniya kansleri Olaf Şolz bildirmişdi ki, Berlin “vəziyyəti sabitləşdirmək üçün” Ermənistanın sərhədyanı rayonlarına daha çox müşahidəçi göndərəcək. Almaniya kansleri münaqişənin iki ölkənin ərazi bütövlüyü prinsipinə və Dağlıq Qarabağ sakinlərinin öz müqəddəratını təyinetmə hüququna hörmət əsasında həlli üçün “həyata uyğun həll” tapmağa çağırıb, DW yazır.
“Dünən kansler Ermənistanın baş naziri Paşinyanla görüşüb. Bizdən bir daha xahiş etdilər ki, Dağlıq Qarabağla bağlı federal hökumətin mövqeyini təqdim edək.
Federal hökumətin mövqeyi dəyişməyib. Almaniya Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sadiqdir. Almaniya Ermənistan və Azərbaycanı mübahisəni sülh yolu ilə həll etməyə çağırır. Bura Qarabağ xalqının hüquqlarına və təhlükəsizliyinə hörmət daxildir. Federal hökumət üçün beynəlxalq normalara və öhdəliklərə uyğun olaraq azlıqların və hər iki ölkənin bütün sakinlərinin hüquqlarına hörmət edilməsi vacibdir. Cənubi Qafqazda 30 ildən artıq davam edən münaqişəni nəzərə alsaq, bu, hər iki dövlətə, eləcə də Dağlıq Qarabağdakı ayrı-ayrı şəxslərə aiddir. Federal hökumət Avropa Şurasının sədri Çarlz Mişelin səylərini birmənalı şəkildə dəstəkləyir”, - Büchner bildirib.
Eyni zamanda o, baş nazir Paşinyanla danışıqlar zamanı kanslerin “Azərbaycanın təcavüzünü” tanıyıb-tanımaması ilə bağlı təxribatçı sualı da cavablandırıb.
"Yox! Bayaq eşitdiklərinizi burada təqdim etdim. Bu gün bu mövzuya daha çox töhfə verə bilmərəm. Hər halda, dünən mətbuat konfransı oldu”, - deyə Büçner yekunlaşdırıb.