Antalyada Diplomatiya Forumu başlayıb
Forumda dünyanın 110 ölkəsindən təxminən 4 600 nümayəndə iştirak edir
Martın 1-də Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu işə başlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə bu il üçüncüsü keçirilən forumda dünyanın 110 ölkəsindən təxminən 4 600 nümayəndə iştirak edir.
Tədbirin əsas məqsədi yaşadığımız təlatümlü dövrdən sülh yolu ilə çıxış axtarışında ümumi düşüncə zəmini yaratmaq, eləcə də davam edən müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və anti-islamizm, süni intellektin gətirdiyi gözlənilməz risklər, iqlim dəyişikliyi, təbii fəlakətlər, pandemiyalar, genişlənən sosial-iqtisadi dalğalanma kimi bir çox mövzularda birgə çıxış yolları axtarmaqdır.
Bu il “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusu ilə baş tutan beynəlxalq tədbirdə iştirak etmək üçün 100-dən çox ölkədən 20-dən artıq dövlət və hökumət başçısı Antalyaya gəlib. Azərbaycan da daxil olmaqla 60-dan artıq ölkə xarici işlər nazirləri səviyyəsində təmsil olunur.
Qlobal böhranlar, terrorla mübarizə, enerji təhlükəsizliyi kimi bir çox mövzunun müzakirə olunacağı forumda “Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT”, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları”, “Sahil: Təhlükəsizlik risklərindən daimi sabitliyə”, “Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu”, “İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq”, “Qida təhlükəsizliyi: Artan çağırış”, “Avropa İttifaqınin qlobal dəyişiklikləri formalaşdırmaq qabiliyyəti”, “Sülh və inkişafın təşviqində parlamantarilərin rolu”, “Artan irqçilik, ksenofobiya və islamafobiya” kimi bir çox mövzular ətrafında fikir mübadilələri aparılacaq.
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyevin moderatorluğu ilə təşkil olunacaq “Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT” mövzulu paneldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur.
Ölkəmizin təmsil olunduğu daha bir, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları” mövzulu paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edəcək.
Tədbirdə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə “Yüksək mövqeli qadın, sülh və təhlükəsizlik” mövzusunda panel iclas keçiriləcək.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirak edəcəyi panel iclasda isə “Beynəlxalq ticarət, ünsiyyət və qarşılıqlı asılılıq” mövzusu müzakirə olunacaq.
Üç gün davam edəcək forumu işıqlandırmaq üçün 350-si xarici olmaqla, ümumilikdə 750 media təmsilçisi Antalyaya cəlb olunub.