"Atəşkəs olmasa, danışıqlar da ola bilməz"
Bunu Rusiya-Ukrayna olayları haqda Avropa Birliyinin diplomatiya rəhbəri Kaya Kallas bəyan edib

Avropa Birliyinin diplomatiya rəhbəri Kaya Kallas bazar ertəsi Londonda Avropa nazirlərinin Veymar+ görüşündən əvvəl Rusiya və Ukraynanı atəşkəslə razılaşmağa çağırıb. O, müvafiq razılaşma olmadan sülh danışıqlarının mümkün olmadığını bəyan edib və Moskvanı siyasi “oyun” oynamaqda ittiham edib.
"Atəşkəs olmasa, atəş altında danışıqlar da ola bilməz", - Kallas bildirib.
Hazırkı Veymar+ görüşü 2025-ci ilin fevralında formatın yaradılmasından bəri altıncıdır. O, Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya nazirləri və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə keçirilir. Danışıqlar ilk dəfədir Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin sədrliyi ilə keçirilir. Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, danışıqlarda “Avropa təhlükəsizliyini gücləndirmək, Ukraynada ədalətli və davamlı sülhü təmin etmək” və “Rusiyanın təcavüzünü dəf etmək” üçün birgə səylər müzakirə olunacaq.
Şənbə günü, mayın 10-da Ukrayna mayın 12-dən başlayaraq bütün cəbhələrdə 30 günlük atəşkəsə hazır olduğunu açıqladı. Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin mayın 15-də İstanbulda danışıqlara başlamağı təklif etdi. Ukrayna və onun avropalı müttəfiqləri təkid edirlər ki, dialoq baş tutmazdan əvvəl Rusiya əvvəlcə atəşkəsə razı olmalıdır.
ABŞ Prezidenti Donald Tramp Kiyevi Moskva ilə danışıqları sürətləndirməyə çağırıb. Vladimir Zelenski, öz növbəsində, Rusiya mayın 12-dən atəşi dayandırmasa belə, İstanbulda Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirib.